Dezinfeksiya işləri aparılıb, işçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb
Bakıda uşaq bağçaları xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) açıqlamasında qeyd olunub.
Bildirilib ki, bağçaların açılması üçün idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb, işçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
"Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq", - BŞİH-nın məlumatında vurğulanıb.
Qurum qeyd edib ki, paytaxtdakı uşaq baxçalarında sanitar-gigiyena və karantin qaydalarına əməl olunmasına BŞİH və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi nəzarət edəcək.
Xatırladaq ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları işinə fevralın 15-dən icazə verilir.