Ali məktəblərdə sosial məsafənin gözlənilməsi mümkün olacaqmı?
Sentyabrın 29-dan ali təhsil müəssisələrində dərslər ənənəvi formada davam etdiriləcək. Dərslərin ənənəvi formada davam etdirilməsi universitetlərin auditoriyalarında və dərs otaqlarında sosial məsafə tələbinə hansı formada riayət edilməsini gündəmə gətirib.
Gedən müzakirələrdən məlum olur ki, universitet tələbələri də bu vəziyyətdən narahatdırlar. Müzakirəyə qatılanların sözlərinə görə, bir çox universitetlərin auditoriyalarında və dərs otaqlarında sosial məsafənin qorunması mümkün deyil. Bu, yalnız o halda mümkün olar ki, dərs saatları bölünsün, tələbələr dərslərdə növbə ilə iştirak etsinlər.
Nəzərə alsaq ki, dərslərin başlaması elə də uzaq tarixdə deyil, AYNA bununla bağlı ali təhsil müəssisələrində vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışıb. Beləliklə:
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşfiq: “Universitetimiz ənənəvi təhsilə keçidlə bağlı hər cür şəraitə malikdir. Universitetdə tez-tez dezinfeksiya işləri aparılır. İstər tələbələrin, istərsə də universitet əməkdaşlarının və müəllimlərin sağlamlığının qorunması üçün lazımi addımlar atılır.
Ənənəvi formaya keçid bizim üçün ilk deyil. Keçən ilin fevral ayında ADMİU bir sıra ixtisaslar (praktika tələb edən ixtisaslar) üzrə ənənəvi formaya keçmişdi. Həmin vaxt epidemioloji vəziyyətin tələblərinə necə riayət olunurdusa, indi də daha ciddi şəkildə əməl olunacaq.
Dərslərin mövcud şəraitə uyğun olaraq və epidemioloji tələblərə riayət etməklə hansı formada keçirilməsi ilə bağlı hələlik Təhsil Nazirliyi və Nazirlər Kabinetindən təlimat göndərilməyib”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova: “Bütün auditoriyalarda dərslər pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək. Sosial məsafənin gözlənilməsi üçün hər bir şərait var, qayqalara riayət olunması üçün nəzarət mexanizmi də tətbiq olunacaq.
Tələbə sayı çox olan qruplarda dərs saatı iki yerə bölünməklə keçiriləcək. Birinci hissədə tələbələrin yarısı, ikinci hissədə isə digər yarısı iştirak edəcəklər”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli: “Auditoriyalarmız, dərs otaqlarımız tələbə tutumu baxımdan normaldır və təbii ki sosial məsafənin gözlənilməsinə ciddi nəzarət olunacaq. Prosesə müəllimlər özləri və məsul şəxslər nəzarət edəcəklər.
Ümumiyyətlə, COVID-19 pandemiyası ilə bağlı məqamlara ADU rəhbərliyi ciddi nəzarət edir. Tibbi maska taxmadan universitetə və yaxud hansısa otağa daxil olmaq qadağandır. Müəllimlər və universitetin demək olar ki, bütün əməkdaşları vaksin olunublar. Vaksin vurdurmayan müəllim, tələbə və əməkdaşların univesitetə gəlməsi tövsiyə olunmur.
Bizdə qruplar 30 nəfərdən azdır. 40-50 nəfərlik otaqlarımız isə az deyil. Bizdə qruplarda 50 nəfərlik otaqda maksimum 22 nəfər yerləşdiriləcək”.
Azərbaycan Texniku Universitetin mətbuat katibi Sevinc İsgəndərova: “Universitetimizdə epidemioloji vəziyyətin tələblərinə uyğun mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Dərslər başladıqdan sonra da müvafiq tədbirlər davam etdiriləcək.
Dərs otaqlarında və auditoriylarda neçə tələbə ilə tədrisin davam etdirilməsi ilə bağlı isə Təhsil Nazirliyi tərəfindən hələlik təlimat göndərilməyib. Yəqin ki, qarşıdan gələn bir neçə gün ərzində bu barədə təlimat alacağıq. Ondan sonra da həmin təlimat əsasında tədrisə başlayacağıq”.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov: “Bununla bağlı Nazirlər Kabinetinin qərarı gözlənilir. Bugünlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq. Tədrisin hansı formada aparılacağına dair təlimatlar həmin qərarda öz əksini tapacaq”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov: “Məndə bu barədə hansısa məlumat yoxdur”.