İsveç Ukraynaya 6,5 milyard avro dəyərində hərbi yardım göstərəcək
Stokholmda Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıblar. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Aparatından bildirilib.
Sənədə əsasən, 2024-2026-cı illər ərzində İsveç Ukraynaya təxminən 6,5 milyard avro dəyərində hərbi yardım göstərəcək ki, bu da ildə təxminən 2,2 milyard avro deməkdir. Sazişin 10 illik müddəti ərzində yardımın həcmi artacaq.
Bundan əlavə, Ukraynanın hərbi dəstəyinə aviasiya və hava hücumundan müdafiə, zirehli texnika, artilleriya, gücləndirilmiş dəniz təhlükəsizliyi, minalardan təmizləmə yardımı və pilotsuz uçuş aparatları daxildir.
İsveç artıq Ukraynaya “Archer” artilleriya sistemləri və CV90 döyüş maşınları təqdim edib və verməyə davam edəcək, bunun üçün tərəfdaşlar birgə istehsal imkanlarını da araşdıracaqlar.
Prezident Aparatından qeyd edilib ki, İsveçlə sazişin unikal hissəsi ixtisaslaşdırılmış ASC 890 təyyarələrinin təmin edilməsi, habelə müvafiq təlimlər də daxil olmaqla, “JAS 39 Gripen” təyyarələrinin Ukraynaya ötürülməsi perspektividir.
İsveç həmçinin Ukraynanın müasir müdafiə sənayesi potensialının inkişafını dəstəkləyəcək və İsveç müdafiə təyinatlı məmulatlarının Ukraynada lokallaşdırılması, təmiri, texniki xidməti və istehsalı üzrə ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək.