Podolyak: “Ukrayna hazırlanmış bəyanatlara deyil, kəşfiyyat məlumatlarına inanır”
Ukrayna Prezident Adminstrasiyası Rusiyanın Xersonu döyüşsüz tərk etməsi ilə bağlı heç bir əlamət görmür. AYNA xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.
Onun sözlərinə görə, rus qrupunun əhəmiyyətli hissəsi Xersonda qalıb.
“Bundan əlavə, Xersona əlavə ehtiyatlar da cəlb edilir. Ukrayna hazırlanmış bəyanatlara deyil, kəşfiyyat məlumatlarına inanır”, - Podolyak vurğulayıb.
Xerson vilayət Hərbi Administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç isə bölgə sakinlərini Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı məlumatları açıqlamamağa çağırıb.
"Xerson vilayətinin sakinlərinə və cənub cəbhəsində baş verən hadisələrlə bağlı hər hansı məlumatı olan hər kəsə müraciət edirəm - informasiya sükutuna əməl edin. Bu, bizim ümumi qələbəmiz üçün çox vacibdir. Vaxtından əvvəl eyforiyaya qapılmayın: nə olursa olsun. Yalnız rəsmi məlumatlara etibar edin”, - Yanuşeviç vurğulayıb.
Qeyd edək ki, yay aylarından etibarən Rusiyanın maddi-texniki təchizatın zəif olması səbəbindən Xersonu və regionun bütün sağ sahilini uzun müddət saxlaya bilməyəcəyi proqnozlaşdırılırdı. Ukrayna Silahlı Qüvvələri Dnepr üzərindən keçən körpüləri atəşə tutub və işğalçılara sağ sahil qrupuna dəstək üçün sursat gətirməyə icazə verməyib.
Noyabrın 9-da Rusiya ordusunun Xerson vilayətində 5 körpünü partlatdığı məlum olub. Deputat Sergey Xlan deyib ki, “rusların cəbhəsi dağılıb”. Həmçinin KİV-in məlumatına görə, Xerson vilayətinin işğal administrasiyasının “rəis müavini” adlandırılan Kirill Stremousov “bədbəxt hadisə nəticəsində” ölüb.
Daha sonra Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin yeni komandanı Sergey Surovikin ordusunun Xerson vilayətinin sağ sahilini tərk etdiyini açıqlayıb.