Ukrayna ordusundan uğurlu taktiki gediş: ruslara "sağ göstərib, sol vurdular"

Dünya

23.09.2022 - 14:24

İdrak Camalbəyli: "18-65 yaş arası kişilərin Rusiyadan kənara çıxması qeyri-rəsmi şəkildə qadağan edilib"

Sentyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən işğal olunan Xarkov vilayətinə genişmiqyaslı əks-hücum həyata keçirdi və ilqırımsürətli əməliyyatla vilayəti, ətraf şəhər və rayonları azad etdi. Əməliyyatlarla bağlı ictimaiyyətə geniş məlumat verilməsə də, artıq azad olunan ərazilərdən reportajlar yayımlanmaqdadır. Ukrayna ordusunun əks-hücumlarının davam edəcəyi gözlənilir.

Digər tərəfdən, işğalçı Rusiyada vəziyyət fərqlidir. Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edildiyini açıqladı. Kreml rəhbəri ehtiyatda olan peşəkar hərbçilərin ordu sıralarına çağrılacağını söylədi və 300 min şəxsi heyətin qısmən səfərbərliyə cəlb ediləcəyini bildirdi. Bundan sonra Rusiyanın Moskva, Peterburq kimi iri şəhərlərində aksiyalar başlayıb. İnsanlar səfərbərliyin əleyhinə çıxırlar. Həmçinin Rusiyanı tərk edənlərin sayı hər saatbaşı artır.

Onu da qeyd edək ki, Rusiya hökuməti bu gündən sentyabrın 25-dək işğal etdiyi Ukrayna ərazilərində “Rusiyaya birləşmə” adı altında “referendumlar” keçirəcək. Qondarma "referendum"la Donetskin, Luqanskın, Xersonun ilhaqı nəzərdə tutulub.

Belə bir vəziyyətdə Ukrayna rəhbərliyi və cəmiyyətinin əhvalı, müharibəyə baxışı necədir? AYNA-nın suallarını Ukraynada yaşayan azərbaycanlı jurnalist, müharibənin ilk günlərindən proseslərin içərisində olan İdrak Camalbəyli cavablandırıb. Müharibənin gedişi haqqında danışan həmyerlimiz deyib ki, hazırda cəbhədə bütün üstünlük Ukrayna ordusundadır:

- Xarkov vilayətinin işğaldan azad edilməsi, həmçinin 2014-15-ci illərdə Rusiyanın işğal altına saldığı bir çox ərazilərin təmizlənməsi Ukrayna ordusunda, komandanlıqda böyük ruh yüksəkliyi yaradıb. Ukraynanın genişmiqyaslı əks-hücumu ilə şəhərlərin, kəndlərin azad edilməsi Rusiya tərəfini, Putin rejimini qorxuya salıb. Müharibənin ilk günlərində bir neçə dəfə sülh danışıqlarına hazır olduğunu bəyan edən Ukrayna hakimiyyəti indi şərtlərini dəyişib. Əvvəl Rusiya danışıqları rədd edirdi, indi isə Kremldən qeyri-rəsmi şəkildə, müxtəlif kanallarla müharibənin dayandırılması, danışıqlara başlamaq haqqında Kiyevə xəbər göndərilir. Ukrayna rəhbərliyi isə danışıqların indi döyüş meydanında getdiyini açıq şəkildə bəyan edir.

- Əks-hücumlarla bağlı məlumatlar o qədər də çox deyil...

- Bəli, az məlumat verilir. Çünki bu, ordunun taktikasına, əməliyyatların məxfiliyinə zərər gətirə bilər. Jurnalistlərdə, ictimaiyyət nümayəndələrində bir çox məlumatlar olur. Lakin komandanlıqdan məlumatların hamısını açıqlamamağı xahiş ediblər.

- Məsələ burasındadır ki, Xarkovdan əvvəl əks-hücumların Xerson istiqamətində olacağı gözlənilirdi, amma əksini gördük...

- Bu, Ukrayna ordusunun taktiki gedişi idi. Necə deyərlər, “sağ göstərdi, sol vurdu”. Xerson istiqamətində əks-hücumların olacağı xəbərləri getdi və Rusiya həmin istiqamətdə qoşunlarını cəmləşdirdi. Ukrayna hərbi komandanlığı isə Xerson yox, Xarkov istiqamətinə hücum etdi, uğur qazandı. Bu, hərbi gediş idi. Təbii ki, Ukrayna hərbi komandanlığı müttəfiqləri ilə bu taktikanı müzakirə edib. Xarkovda uğur qazanılmasında Qərb, xüsusilə də ABŞ kəşfiyyatının böyük rolu olub. Rusiyanın haradakı mövqelərinin zəif olduğu haqqında dəqiq məlumatlar var idi ki, ilk hücumlar da həmin əraziyə edildi.

Onu da qeyd edim ki, Xarkova əks-hücumdan əvvəl Ukrayna ordusu istər Xarkovda, istərsə də Xerson istiqamətindəki Rusiyanın radiolokasiya məntəqələrini, təminat-təchizat yollarını, keçidləri darmadağın etmişdi. Demək olar ki, Rusiyanın ehtiyat təchizatı, ehtiyat qüvvələri məhv edilmişdi. Təbii ki, Rusiyanın məğlubiyyətində Ukraynanın Qərb tərəfdaşlarından edilən silah yardımları böyük rol oynadı. Kiyev tərəfdaşlarına müharibənin ilk günlərindən deyirdi ki, lazım olan silah verilsə, Rusiyanı məğlub etmək asan olacaq. Silahların verilməsi, ukraynalı hərbçilərinin Qərb ölkələrində təlimlər keçmələri, döyüşə hazırlanmaları əks-hücumun effektli olması ilə nəticələndi.

- Əks-hücum növbəsində Xersondurmu?

- Çox güman ki, yaxın günlərdə Xerson vilayəti də azad ediləcək. Çünki Xersona yaxın ərazilərdəki Rusiya mövqeləri darmadağın edilib, proses davam edir. Düzdür, məlumatlar məhduddur. Amma həm Ukrayna rəhbərliyində, həm xalqda ruh yüksəkliyi mövcuddur. İnsanlar öz doğma torpaqlarını azad etmək əzmindədir. Rusiya işğalçı əsgərləri Ukrayna ərazilərində talandan, soyğunçuluqdan başqa heç nə etmirlər. Onlar döyüşmək həvəsində də deyillər, qaçıb canlarını qurtarmağa çalışırlar. Bu məqamda da oğurluqlarından qalmırlar. Eyni zamanda, onlar qətliamlar, zorlama cinayətləri törədiblər. Azad edilən İzyumda insanların başına Buçada törədilən hadisələrin eynisi gətirilib. İndi bunu Rusiya hakim dairələri dansa da, fotofaktlar, maddi sübutlar var.

“Xüsusi əməliyyat” adı ilə müharibə edən ölkə üçün vuruşmaq istəyən yoxdur. Rusiya ordusu həbsxanalardan dustaqları da cəbhəyə cəlb etdi, amma bir nəticə vermədi. İndi isə yarımsəfərbərlik adı altında səfərbərlik elan ediblər.

- Rusiyanı səfərbərliyə nə vadar etdi?

- Əslində bu, qismən səfərbərlik yox, tam səfərbərlik elanıdır. Bizdə olan məlumata görə, 18 yaşından 65 yaşadək kişilərin Rusiyadan kənara çıxması qeyri-rəsmi şəkildə qadağan edilib. Siz indi videolardan yəqin ki, müşahidə edirsiniz, onlar necə ölkədən qaçmaq istəyirlər. 15-20 min dollara xaricə təyyarə bileti alıb aradan çıxanlar var. Gürcüstanla sərhəddəki insan tıxacı çox şey deyir. Çünki insanlar müharibə istəmir, ölmək istəmirlər. Onlar anlayırlar ki, bu, Rusiyanın deyil, Putinin şəxsi müharibəsidir. Səfərbərliyi ona görə elan etdi ki, “dünyanın ikinci ordusu” Ukrayna ordusu qarşısında aciz qalıb. Məğlub olduğunu dərk edir, son nəfəsdə bu yola əl atmalı oldular. Bunun başqa adı yoxdur. Eyni zamanda, Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumlara hazırlıq gedir. Səfərbərliyin elan edilməsinin bir səbəbi də məhz budur.

- Referendum demişkən, bu gündən bəzi ərazilərdə Rusiyaya birləşmək haqqında “referendumlara” hazırlaşılır. Ukrayna cəmiyyəti, hakimiyyəti bu barədə nə düşünür?

- Rusiya anladı ki, Ukrayna əks-hücumlarla ərazilərini bir-bir işğaldan azad edir. Rusiya qondarma "referendum" keçirməklə Ukrayna ordusunun hücumunun qarşısını ala biləcəyini zənn edir. Yəni ki, “referendumdan” sonra çıxıb deyə bilsin ki, “bu ərazilərin insanları Rusiyaya birləşmək qərarı verdilər, bura bizim ərazidir”. Hücum da ediləndə, dünyaya bildirsin ki, bu, Ukraynanın və Qərbin Rusiyanın ərazilərinə hücumudur. Amma bu plan baş tutmayacaq. Ukrayna işğalda olan ərazilərini azad edəcək və buna heç bir qondarma "referendum"la təsir edə bilməzlər. Hesab edirəm ki, dünya imperialist Rusiyanın  məğlubiyyəti naminə, bəşəri sülh naminə, azad dünya naminə Ukraynanın haqq savaşını dəstəkləməlidir, Ukrayna xalqının yanında olmalıdır. Nəzərə almaq lazımdır ki, Putin rejiminin məğlubiyyəti bir çox dövlətlərin azadlığı deməkdir.

- Dəstək demişkən, sentyabrın 13-14-də Ermənistan ordusu Azərbaycanla sərhəddəki mövqelərimizə təxribat hücumu etdi. Ukraynanın bəzi informasiya agentliklərində bu xəbər “Azərbaycan Ermənistana hücum etdi” başlığı ilə getdi. Halbuki Azərbaycan Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsinin ilk günlərindən istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə Ukraynanın yanında olub...

- Bu, yanlış yanaşmadır. Birincisi, bu, Ukraynanın rəsmi mövqeyi deyil. Kiyev hər zaman Bakını dəstəkləyib ki, bu, bəyanatlarda da öz əksini tapıb. Ukrayna xalqı da Azərbaycanın yanındadır, Azərbaycan xalqını haqq savaşında hər zaman dəstəkləyib. Ukraynalılar Azərbaycanın yardımlarına görə hər zaman minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, Ukrayna uğrunda azərbaycanlılar döyüşüblər, indi də döyüşürlər. Canlarını fəda edən şəhidlər var, sağlamlığını itirən əlillər var. Bunu ukraynalılar görməzdən gəlmirlər. Hər fürsətdə bizə xoş münasibətlərini bildirirlər. Təbii ki, hər xalqın içərisində olduğu kimi, Ukrayna xalqının da içərisində bəzi əks fikirli insanlar var. Onların sayı çox azdır. Bu baxımdan, belə yanaşmalara fikir vermək olmaz.

Hələ biz bilmirik ki, Azərbaycana qarşı əks fikir səsləndirənlər kimlərdir, kökləri hara gedib çıxır, ermənilərlə qohumluqları nədir və s. Mediada xəbərlərə gəlincə, o xəbərləri dərc edənlərin kimliyini bilmirik. Başqa bir detal isə xəbərin ilk kim tərəfindən yayılmasıdır. Ermənistan belə bir rəsmi xəbəri açıqlayıb, media da onlara istinadən dərc edib. Ola bilsin ki, Azərbaycan dövlət orqanları rəsmi xəbəri bir qədər tez dərc etsəydi, bizə istinad edərdilər. Ukrayna jurnalistləri gedib reportaj hazırlamayıb, qərəzli yanaşmayıb ki, ittiham edək. Məncə, bu xırda məsələlərə o qədər də fikir verməməliyik. Ukrayna ilə Azərbaycanın dostluq əlaqələrinin, xalqların dostluğunun pozulması yalnız ermənilərə, Ermənistana sərf edir.

Müəllif: Anar Bayramoğlu