Körpü HIMARS raketləri ilə vurulduqdan sonra zədələnib
Ukrayna hərbçiləri Kursk vilayətində Seym çayı üzərində daha bir körpünü vurublar. AYNA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.
“Kursk istiqaməti və daha bir körpü! Hərbi Hava Qüvvələrinin aviasiyası düşməni dəqiq hava zərbələri ilə maddi-texniki imkanlardan məhrum etməkdə davam edir ki, bu da hərbi əməliyyatların gedişinə əhəmiyyətli dərəcədə təsir edir!”, - deyə o, “Telegram” kanalında yazıb.
Öz növbəsində “Mash” xəbər verir ki, Zvannoye kəndindəki körpü HIMARS raketləri ilə vurulduqdan sonra zədələnib. Kanal körpünün yol örtüyünün qismən dağıldığını göstərən fotonu dərc edir. Nəşr aydınlaşdırır ki, rus bölmələri bu körpü vasitəsilə təchiz edilib.
Ötən cümə günü vilayətin qubernatoru vəzifəsini icra edənin müşaviri Roman Aleşin bildirib ki, Ukrayna hərbçiləri vilayətin Qluşkovski rayonunda Seym çayı üzərindən daha bir körpünü dağıdıblar. “Mash” və “Military Informant”ın məlumatına görə, körpü HIMARS raketləri ilə vurulub. Qluşkovodakı körpünün dağıdılmasından sonra Ukrayna Silahlı Qüvvələri ən azı 1,5 kilometr məsafəni qət edərək, artıq dəmiryol relsləri boyunca əhalinin məskunlaşdığı ərazilərə doğru irəliləməyə başlayıb.