“Görüş səfirlər səviyyəsində baş tutacaq”
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə Ukrayna-NATO Şurasının iclasını çağırıb. AYNA-nın xəbərinə görə, Alyansın sözçüsü Farah Daxlallah bildirib ki, bu, çərşənbə günü, avqustun 28-də baş tutacaq.
“Görüş səfirlər səviyyəsində baş tutacaq. Gözlənilir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov videobağlantı vasitəsilə Alyans üzvlərini döyüş meydanındakı vəziyyət, qüvvə və vasitələrə prioritet ehtiyaclar barədə məlumatlandıracaq”, - deyə NATO rəsmisi qeyd edib.
Qeyd edək ki, Ukrayna-NATO Şurası ötən il Alyans ilə Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. Şuranın iclasında adətən NATO-ya üzv ölkələrin səfirləri və Ukrayna rəsmiləri iştirak edirlər.