“Ukrayna hadisələri nüvə müharibəsi ilə yekunlaşacaq”

Dünya

12.12.2022 - 18:15

Mehman Əliyev: “Rusiya geri çəkilə bilmir, geri çəkilə bilmədiyinə görə isə böyük itkilərə məruz qalır”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin heç zaman Rusiya ilə sülh sazişi imzalamayacağını bəyan edib. Deyib ki, Ukrayna ərazilərinin bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq: “Kiyev təkcə fevral işğalından sonra itirdiyi torpaqları deyil, həm də Krım yarımadasını və onun hissələrini geri alır. Krımı və Donbassı Rusiyaya güzəştə getməyəcəyik”.

Onun sözlərinə görə, Rusiya parçalanacaq və bununla dünya dağılmayacaq: “Rusiyanın olduğu kimi qalmasına və beynəlxalq birliyin normal üzvünə çevrilməsinə necə kömək etmək barədə düşünmək əvəzinə, bu ölkənin beynəlxalq birliyin normal üzvü ola bilməyəcəyi ilə barışmağın vaxtı çatıb”.

Ukrayna xarici siyasət idarəsi rəhbərinin son açıqlaması beynəlxalq siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrilib. Göründüyü kimi, təcavüzün onuncu ayında Rusiya nəinki öz məqsədinə nail olmayıb, əskinə, Ukrayna daha iddialı və inamlı görünür. Ukrayna rəsmisinin Rusiyanın parçalanacağı barədə mövqeyi isə ABŞ və Qərbin Rusiya ilə bağlı siyasətində qətiyyətli olacağını nümayiş etdirir.

Rusiya Ukraynaya qarşı hərbi təcavüzü nə zamana qədər davam etdirə biləcək? Ukraynanın qalib gələcəyinə inananların sayı get-gedə artır və belə olacağı təqdirdə, Rusiyanı hansı aqibət gözləyir?

AYNA mövzu ətrafında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevlə həmsöhbət olub.

- Ukrayna tərəfi heç zaman Rusiya ilə sülh sazişi imzalamayacağını bildirib. Sizcə, bu mövqe Ukraynanın əminliyindən qaynaqlanır, yoxsa bu, sıradan bir bəyanatdır?

- Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın ölkəsinin heç zaman Rusiya ilə sülh sazişi imzalamayacağına dair bəyanatını əks-hücum kimi qiymətləndirirəm. Ukrayna xarici siyasət idarəsi rəhbərinin məlum açıqlamasını bir neçə aspektdən şərh etmək mümkündür. Əsas səbəb odur ki, Ukrayna Rusiyaya və dünyaya mesaj verir ki, heç bir halda geri çəkilməyəcək. Digər səbəb Rusiyanın gözlənitlərinə verilən əks-reaksiyadır. Aydın şəkildə Rusiyaya nümayiş olunur ki, heç bir təzyiq efkketiv olmayacaq. Müharibə uzandıqca tərəflər radikallaşır və öz qəti mövqeyini ortaya qoyurlar.

Müharibənin əvvəlində vəziyyət fərqli idi. Moskva Ukraynada qısa müddətə əməliyyatları başa çatdırıb, qələbə qazanacağına ümid edirdi. Ukrayna isə Qərbin dəstəyinin hansı səviyyədə olacağından əmin deyildi. Artıq Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü onuncu aydır ki, davam edir. Bu müddətdə həm tərəflər üçün real mənzərə məlumdur, həm də hər iki tərəf kifayət qədər ciddi itkilərə məruz qalıb. Kreml əvvəlcə bu təcavüzü Ukrayna hakimiyyətinə qarşı savaş kimi təqdim edirdisə, artıq bütöv bir ölkəyə qarşı müharibə başladığını etiraf edirlər.

Rusiya Ukraynanı tam işğal etmək niyyətindədir. Bunu Kiyevdə də bilirlər. Mülki əhali hədəfə alınır və qətlə yetilir. Yəni, Rusiya ora qədər irəliləyib ki, artıq Ukraynada onu əfv etməyi düşünmürlər. Total bir müharibə elan olunub. Ukrayna da məhz bu səbəbdən radikal mövqe nümayiş etdirir. Bu, tam anlaşılan və təbiidir. Təkcə bəyanatlar səviyyəsində deyil, hərbi baxımdan da Ukraynanın üstünlükləri müşahidə olunur. Görünən odur ki, Ukrayna qəti şəkildə geri çəkilməyəcək və sona qədər dirəniş göstərəcək.

Burada bir məqamı qeyd etmək istəyirəm ki, Ukrayna texniki tərəfləri icra edir, yəni, müharibəni aparan tərəfdir. Əsas döyüş isə Qərblə Rusiya arasında gedir. Mənim qənaətim ondan ibarətdir ki, bu savaş nüvə müharibəsinə qədər gətirib çıxaracaq və bununla da məntiqi sonluğuna çatacaq. Hadisələr məhz bu istiqamətdə cərəyan edir.

- Rusiya tərəfi də sona qədər müharibəni davam etdirəcəyini bildirir. Hər iki tərəf niyə bu qədər israr edir?

- Rusiya bundan sonra istəsə də, geri çəkilə bilməz. Bu, artıq sonrakı mərhələdə məğlubiyyətdir və Moskva üçün çox ciddi fəsadları ola bilər. Kreml buna gedərsə, onun qarşısında çox ciddi şərtlər qoyulacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin özü dəfələrlə dilə gətirib. Nəticədə Rusiyanın suverenliyinin itirilməsi məsələsi gündəmə gələcək. Eyni zamanda Putin və komandası hakimiyyəti itirəcək. Düzdür, Putin iddia edir ki, guya Ukraynaya qarşı hərbi əməliyyatları Rusiyanın suverenliyini itirməmək üçün həyata keçirib. Əslində isə belə deyil. Müharibə həm də ona görə başladı ki, Rusiya iqtidarına qarşı çox ciddi beynəlxalq təzyiqlər mövcud idi.

Bir daha söyləmək istəyirəm ki, Ukrayna burada sadəcə tərəfdir. Rusiya isə əsas mübarizəni ABŞ və Qərblə aparır. Qərbdə də anlayırlar ki, Rusiyanın əsas əminliyi nüvə silahı ilə bağlıdır. Hadisələrin gedişatı göstərir ki, ABŞ ilə Rusiya arasında nüvə qarşıdurması qaçılmazdır. Xüsusən Moskva bunda maraqlıdır. Ümid edir ki, nüvə silahına əl atarsa, Amerika və Rusiya rəsmiləri arasında Rusiyanın suverenliyinin qorunması və Ukrayna mövzusu ətrafında razılaşma əldə ediləcək.

- Kuleba Rusiyanın parçalanacağının anonsunu da verib və bəyan edib ki, Rusiyanın qorunmasına yox, onun islah olunmasına diqqət artırılmalıdır...

- Təbii ki, Rusiyanın suvereneliyi təhlükə altındadır. Bunu Putin və administrasiyasının digər yüksək rütbəli məmurları da açıq şəkildə bəyan edirlər. Açıq şəkildə söyləmək lazımdır ki, Rusiya bəşəriyyət üçün real bir təhlükəyə çevrilib. Bu gün dünyada ən çox nüvə başlıqlarına malik dövlət olaraq dünyanı təhdid edir. Eyni zamanda anti-Qərb koalisiyasına aid olan ölkələri öz ətrafında birləşdirir. Digər yandan imperiya maraqlarından imtina etmir və Sovet İttifaqını digər formada bərpa etməyə çalışır. Təbii ki, Qərbdə də anlayırlar ki, Rusiya nüvə silahına əl ata bilər və məhz buna görə də uzun müddət ona göz yumdular.

Vaxtilə Ukrayna və Gürcüstanda işğalçılıq siyasəti yürüdərkən Qərbin səssiz qalması və yetərli mövqe nümayiş etdirməməsi məhz bundan qaynaqlanırdı. Lakin görəndə ki, bu loyal münasibət Moskvanı daha da gücləndirir, ona qarşı açıq hücuma başladılar. Embarqolar, Ukraynaya dəstək və digər məqamlar bu qəbildəndir. Bütün bunların fonunda isə Rusiyanın parçalanması da müzakirə mövzusudur. Bu xüsusda Kulebanın söylədikləri təsadüfi sayıla bilməz.

 - Nüvə müharibəsindən danışdınız. Doğrudanmı belə bir risk mövcuddur? Nüvə silahına əl atılması fonunda bəşəriyyəti hansı təhlükələr gözləyir?

- Təbii ki, nüvə müharibəsinin baş verməsində heç bir tərəf maraqlı deyil. Lakin mövcud şəraitdə nüvə müharibəsi riski artır. Rusiya xüsusən bunda maraqlıdır. Çünki geri çəkilə bilmir. Geri çəkilə bilmədiyinə görə böyük itkilərə məruz qalır. Ukrayna hərbi üstünlük əldə edir. Bir halda ki, tərəflər anlaşa bilmir, onları dayandıracaq xüsuslar olmalıdır. Moskva düşünür ki, nüvə qarşıdurması fonunda ABŞ və Qərbi onunla hesablaşmağa məcbur edə bilər. Görünən odur ki, proses məhz bu istiqamətdə cərəyan edir. Burada söhbət davamlı nüvə müharibəsindən yox, müddətli nüvə silahından istifadədən gedir.

Müəllif: Azər Niftiyev