“Türkiyə NATO üzvüdür və onun Alyansın yeni üzvlərini təsdiq etməsi dövlətin suveren qərarıdır”
“Türkiyə NATO üzvüdür və onun Alyansın yeni üzvlərini təsdiq etməsi dövlətin suveren qərarıdır”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək qərarını şərh edən Kreml rəsmisi Dmitri Peskov deyib.
Peskov xatırladıb ki, NATO üzvləri Türkiyənin Alyansdakı müttəfiqləridir: “Ankaranın NATO-ya üzv ölkələr qarşısında öz öhdəlikləri var. Bu, Türkiyə Parlamentinin qərarıdır. Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür. Bu, tamamilə açıq bir faktdır və öz öhdəlikləri var”, - deyə qeyd edilib.
Öz növbəsində, Rusiya Dövlət Duması Türkiyənin İsveçin NATO-ya üzv olmasına icazə verməsi qərarından təəssüfləndiyini bildirib.
“Türkiyə istədiyi hər şeyi əldə etdi və buna görə də Türkiyə Parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini sadə səs çoxluğu ilə qəbul etdi”, rusiyalı deputat Aleksey Çepa deyib.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə Parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyib. Qərar imzalanması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.