Türkiyədə yeni seçim həyəcanı – May seçkiləri qədər həssas

Dünya

05.10.2023 - 14:07

Qardaş ölkədə böyük şəhərlər uğrunda mübarizə başlayır

Türkiyədə 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinin tarixi məlum olub. Ali Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı qərarı ölkənin rəsmi qəzetində dərc olunub. Sənədə əsasən, sözügedən seçkilər gələn il martın 31-də baş tutacaq.

Qeyd edək ki, bir neçə ay öncə Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan, parlament seçkilərində isə hakim partiyanın formalaşdırdığı “Cümhur İttifaqı” qələbə qazanıb. Bununla da hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən icraedici və qanunverici orqana nəzarət imkanı əldə edib.

Türkiyədə hakimiyyətin daha bir qolu isə bələdiyyələrdir. Ölkənin idarə olunmasında ciddi təsisatlardan olan bələdiyyələr müstəqil fəaliyyət göstərir və mərkəzi icra hakimiyyətinə tabe deyil. Ankara, İstanbul, İzmir kimi böyük şəhələrdə bələdiyyələrə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçiləri rəhbərlik edir. Gələn ilin martında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar hakim partiyanın artıq ciddi hazırlıqlara başladığı bildirilir.

Bu arada, son prezident və parlament seçkilərində Ərdoğanın əsas rəqibi olmuş “Millət İttifaqı”nda təmsil olunan İYİ Partiya İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığı seçkilərində Məhərrəm İncənin namizədliyini dəstəkləyəcəyi barədə qərar qəbul edib. Bu isə hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şanslarını azaldan amil rolunda çıxış edir.

2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkilərində kimin şansları daha yüksək qiymətləndirilir – iqtidarın, yoxsa müxalif qüvvələrin? Hakim partiya bələdiyyə seçkilərində də üstünlüyü qazansa, Türkiyənin gələcək siyasi taleyi necə olacaq?

Türkiyəli siyasi icmalçı Fatih Ataylı AYNA-ya açıqlamasında deyib ki, İYİ Partiyanın Məhərrəm İncəni dəstəkləyəcəyinə dair bəyanatı AKP iqtidarını məmnun edir: “Türkiyədə bələdiyyə seçkiləri ölkə miqyasında bir seçki olsa da, siyasi tərəflər əsas diqqəti mərkəzi şəhərlərə yönəldirlər. Xüsusən hakim partiya çalışır ki, İstanbul, Ankara, İzmir kimi şəhərlərdə qələbəsini təmin etsin. Çünki bu şəhərlərdə müxalifət daha güclüdür və “Cümhur İttifaqı” mərkəzi şəhərlərdə qalib gəlmək üçün ciddi-cəhdlə səy göstərir”.

“Əsas diqqət isə, heç şübhəsiz, İstanbul seçkilərinə yönələcək. Məlumdur ki, Əkrəm İmamoğlu və Mənsur Yavaşın əvəzlənməsi iqtidar üçün qarşıda duran əsas hədəflərdən biridir. Müxalif cinahda dayanan və son prezident və parlament seçkilərində “Altılı Masa”da təmsil olunan İYİ Partiyanın Əkrəm İmamoğlunun deyil, Məhərrəm İncənin namizədliyini dəstəkləməsi, heç şübhəsiz, elektoratın bölünməsinə xidmət edir. Bu, AKP iqtidarının ürəyincə olsa da, ehtiyatı da əldən vermirlər. Bu səbəbdən mümkün namizədlərin sayını minimuma endiriblər”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə “Cümhur İttifaqı”nın üç namizədlə gedə biləcəyini söyləyib: “Bu günə qədər əsas namizəd qismində səhiyyə naziri Fahrettin Kocanın adı çəkilir. Kocanın pandemiya performansı, özünəməxsus imici, görkəmli siyasətçi olması, rəqibləri ilə dialoq qura bilməsi, bunu çox təbii şəkildə həyata keçirməsi onun şanslarını artırır. O, hazırda hakim partiyanın əsas ehtimal namizədidir”.

“Lakin digər namizədlər də nəzərdən keçirilir. Sabiq nəqliyyat naziri Adil Karaismailoğlu və keçmiş ətraf mühit və şəhərsalma naziri Murat Kurum. Karaismailoğlunun 25 illik idarəçilik təcrübəsi, nazirliyi dövründə İstanbulda metro və digər nəqliyyat layihələri ilə özünü göstərməsi, Prezidentin etibarı və təbii ki, trabzonlu olması şanslarını artırır. Kurum isə təkcə İstanbul üçün deyil, digər vilayətlər və hətta Ankara üçün də nəzərdən keçirilir. Çünki ona da Türkiyə ictimaiyyəti arasında dərin rəğbət mövcuddur”, - deyə Ataylı söyləyib.

Əlavə edib ki, gələn ilin martında keçiriləcək bələdiyyə seçkiləri gərgin rəqabət şəraitində baş tutacaq: “Hətta bu seçkiləri 2023-cü ilin mayında keçirilən prezident və parlament seçkiləri ilə müqayisə edirlər. Çünki hakim siyasi partiya əsas şəhərlərdə bələdiyyələri uduzur və növbəti seçkilərdə qələbə qazanmaqla, təkhakimiyyətliliyini təmin etməyə çalışacaq”.

Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu mövzuya dair AYNA-ya şərhində ehtimalını irəli sürüb ki, bələdiyyə seçkilərində də “Cümhur İttifaqı” qalib gələcək: “Çünki CHP nüfuzunu itirir. Son prezident və parlament seçkilərində iddialı rəftarına rəğmən məğlub olması, seçkilərdən sonra partiya sədri Kamal Kılıcdaroğlunun istefa verməməsi ciddi etirazlara səbəb olub”.

“Türkiyədə fərqli siyasi yanaşma mövcuddur və ictimai rəy liderlərdən siyasi mədəniyyət tələb edir. Kılıcdaroğlu seçkiöncəsi öz namizədliyi məsələsində israr etdi. Seçkilərdə məğlub olandan sonra isə istefa vermədi. Hansı ki, CHP-də böyük ümidlər var idi ki, yerini gənclərə verəcək. Bu gün CHP-ni nəinki iqtidara sahiblənmək, əksinə, ana müxalifət partiyası olaraq mövqeyini itirmək təhlükəsi gözləyir. Təbii ki, bəzi şəhərlərdə müxalif namizədlər, misal üçün, CHP üzvləri qalib gələ bilərlər. Ankara, İstanbul və İzmir kimi əsas şəhərlərdə isə bu, real görünmür”, - deyə Nüsrətoğlu fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev