Mərc oyunları ilə bağlı əməliyyatda saxlanılanlar arasında "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları da var
İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.
Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyatın keçiriləcəyinin anonsunu vermişdi.
Məlumata görə, saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.
Bundan başqa, 28 aprel 2024-cü ildə keçirilmiş “Ankaraspor”-“Nazilli Belediyespor” matçının nəticəsinə təsir etmələri səbəbi ilə “Ankaraspor” klubunun sahibi Əhməd Okatan, “Ankaraspor” klubunun prezidenti Mehmet Emin Katipoğlu, “Nazilli Belediyespor” prezidenti Şahin Kaya və iki məşqçi tutulub.