Türkiyə Ermənistanla sərhədin açılması üçün işləri sürətləndirib

Dünya

09.02.2026 - 14:06

İğdır valisi Əlican sərhəd keçid məntəqəsində yenidənqurma və modernləşdirmə işlərini yoxlayıb

Türkiyə Ermənistanla sərhəd ticarətini gücləndirməyə ümid edir. AYNA.AZ xəbər verir ki, yerli "Yeşil Iğdır Gazetesi"nin məlumatına görə, Türkiyə tərəfi Ermənistanla sərhəd keçid məntəqəsinin yenidən açılması üçün işləri sürətləndirir.

Nəşrin məlumatına görə, İğdır valisi Fırat Taşolar Əlican sərhəd keçid məntəqəsində (Ermənistan tərəfindəki Marqara sərhəd keçid məntəqəsi) davam edən yenidənqurma və modernləşdirmə işlərini şəxsən yoxlayıb.

Texniki qrupun müşayiəti ilə rəsmi şəxs sərhəd boyunca binaları və keçid yollarını yoxlayıb və işlərin tez bir zamanda başa çatdırılmasının planlaşdırıldığını vurğulayıb.

Türkiyə rəsmilərinin sözlərinə görə, sərhəd keçid məntəqəsinin gücləndirilməsi aşağıdakı məqsədləri güdür: sərhəd ticarətinin bərpası, İğdır və ətraf əyalətlərdə ticarət fəaliyyətinin artırılması, bölgədə nəqliyyat yollarının uzunluğunun azaldılması; və turist axınının artırılması.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Sərhəd 1993-cü ildən bəri Ankaranın təşəbbüsü ilə bağlıdır. Türkiyə bu addımı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən atıb. Rəsmi Ankara tərəfindən hər zaman bildirilib ki, Azərbaycan əraziləri qaytarılmayanadək sərhədlər açılmayacaq, diplomatik münasibətlər olmayacaq. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ərazilərini azad etdikdən sonra Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gəlib. Bir neçə ildir ki, hər iki tərəfdən rəsmi şəxslər məsələ ilə bağlı müzakirələr aparırlar.

2022-ci ilin yanvar ayında Ermənistan və Türkiyə arasında normallaşdırma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç arasında mütəmadi görüşlər keçirilir.

1 iyul 2022-ci ildə Rubinyan və Kılıç arasında Vyanada keçirilən görüşdə üçüncü ölkə vətəndaşlarının və diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədini ən qısa müddətdə keçə bilməsi üçün razılıq əldə edilib. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş