Türk birliyinə doğru yeni addım: Əliyev və Ərdoğana müraciət ediləcək

İqtisadiyyat

06.12.2022 - 13:04

AQC sədri: “Çox mühüm razılaşma əldə edildi və düşünürük ki, bütün türk dövlətləri bu birliyə qoşulmalıdır”

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə qiymətləndiriciləri arasında əməkdaşlığı ehtiva edən memorandum imzalanıb. Hər iki tərəf qərara alıb ki, Türk Dünyası Dəyərləmə Uzmanları Birliyini (TDDUB) təsis etsinlər.

AQC sədri Vüqar Oruc AYNA-ya müsahibəsində Türkiyə səfərinin yekunları və digər mövzular ətrafında danışıb.

- Vüqar bəy, Türkiyə səfəriniz çərçivəsində rəhbəri olduğunuz qurumla Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu razılaşma hansı sahələrdə əməkdaşlığı əhatə edəcək?

- Türkiyəyə səfərim əslində öncədən razılaşdırılmışdı. Bu ilin avqust ayında cəmiyyətin Türkiyə üzrə xüsusi nümayəndəliyi təsis edilib və gənc iqtisadçı Mikayıl Mirzəzadə AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi təyin olunub. May ayında keçirilən növbəti konfransda bəyan etmişdim ki, sədr seçilərəmsə, əsas fəaliyyət istiqamətlərimdən biri cəmiyyətin beynəlxalq əlaqələrini genişləndirmək olacaq. Beynəlxalq əlaqələrdən danışdıqda isə Türkiyə ilə münasibətlər  xüsusi əhəmiyyət kəsb edir.

Burada haşiyəyə çıxaraq bildirim ki, son dövrlər Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Burada hər iki qardaş dövlətin prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri var. 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadı. Cəmiyyətin ayrı-ayrı sahələrində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq memorandumları imzalanır, birgə fəaliyyətin konturları müəyyən olunur. Heç şübhəsiz, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də bu prosesdən kənarda qala bilməzdi.

Səfər çərçivəsində türkiyəli həmkarım Yaşar Bahçeci ilə səmimi ortamda görüşümüz keçirildi. Görüşdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı, gələcək fəaliyyət istiqamətləri ilə bağlı razılığa gəlindi. Bundan sonra iki qardaş ölkə arasında qiymətləndirmə sertifikatları qarşılıqlı olaraq tanınacaq, kordinasiyalı fəaliyyətin nəticəsi olaraq Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında əməkdaşlıq qurulacaq. Bununla da bizim münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə adladı. Eyni zamanda görüş çərçivəsində çox mühüm razılaşma əldə edildi. Həm Yaşar bəyin, həm də mənim bilavasitə iştirakım ilə Türk Dünyası Dəyərləmə Uzmanları Birliyininin təsis olunması qərara alındı.

Səfər çərçivəsində Türkiyənin “Ulusal”, “Kanal 34” televiziya kanallarında, “Rekabet” jurnalında qonaq oldum. Adıçəkilən televiziya və junrallara müsahibələr verdim, media qurumlarının rəhbərləri ilə görüşdüm. Qeyd edim ki, Yaşar bəylə ortaq cəhətlərimiz çoxdur. Yaşar bəy də iqtisadi fəaliyyətlə yanaşı, siyasi fəaliyyətlə də məşğuldur. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biridir. 2009-2019-cu illərdə Kırşehir bələdiyyə başqanı olub. Öz növbəmdə mən də Azərbaycanın ilk gənclər təşkilatlarından birinin rəhbəri, kollektiv şəkildə hakim partiyaya qoşulmaqla bağlı qərara verən Milli Qurtuluş Partiyasının keçmiş başqanı, hazırda isə Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Çox maraqlı və faydalı müzakirələrimiz oldu.

- Türk Dünyası Dəyərləmə Uzmanları Birliyini təsis etmək barədə türkiyəli həmkarınızla razılığa gəldiniz. Bu qurumun yaradılması hansı mərhələlərdən keçəcək, planlarınız nədən ibarətdir?

- Qeyd etdiyim kimi, Türk Dünyası Dəyərləmə Uzmanları Birliyinin təsis olunması mərhələli şəkildə həyata keçiriləcək. Yeni yaranacaq birliyə Orta Asiyadakı türk dövlətləri və Şimali Kipr Türk Cümhuriyyətinin də qoşulmalarını təmin etmək üçün hər iki təşkilatın iştirakı ilə müvafiq işçi qrupu yaradıldı. Bununla bağlı Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana müraciət edilməsi qərara alınıb. Müraciət hazırlıq mərhələsindədir və yaxın vaxtlarda təqdim ediləcək.

Hesab edirik ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti qiymətləndiriciləri bir araya gəlməlidirlər. Bu, mənəvi baxımdan müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, peşəkar münasibətlərin qurulması baxımından da önəmlidir. İnteqrasiya olunmuş dünya iqtisadiyyatı şəraitində Türk Dünyası mütəxəssislərinin bir araya gəlməsi, qarşılıqlı olaraq sertifikatların tanınması, kordinasiyalı fəaliyyətin təşkili yeni bazarlara rahat çıxışı təmin edəcək. Habelə biz qardaş dövlətlərin daşınar və daşınmaz əmlak bazarı, biznes mühiti barədə məlumatlılığı və əlçatanlığı təmin edəcəyik. İnanıram ki, TDDUB Türk Dünyası qiymətləndiriciləri arasında uğurlu işbirliyini təmin edəcək.

- AQC-nin əhatə dairəsi böyüyür. Yeni üzvlərlə birlikdə qurumda təmsil olunan qiymətləndirmə şirkətlərinin sayı 57-yə çatdı. Qarşıda görəcəyiniz işlər nədən ibarət olacaq?

- Bu ilin may ayında cəmiyyətin konfransında qərara aldıq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti fəaliyyətini ölkədə həyata keçirilən islahatlar kursuna və müasir trendlərə uyğunlaşdırsın. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, konfransdan keçən müddət ərzində nəzərdə tutduğumuz bir çox planlara nail olduq. Burada qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Azərbaycanın ilk peşə birliklərindən biridir. Son dövrlər isə müxtəlif dövlət qurumlarının dəstəyilə assosiativ ticari birliklərinin sayı artır. Hökumət, qanunverici orqan və özəl sektor arasında əməkdaşlığı hədəfləyən bu cür birliklər arasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin də özünəməxsus yeri və rolu mövcuddur. Azərbaycanda fəaliyyət göstərən peşəkar qiymətləndirmə şirkətlərini öz ətrafına birləşdirən, qiymətləndirmə tədrisini həyata keçirən və sertifikatlarını təqdim edən yeganə qurumuq. Eyni zamanda həm dövlət orqanları, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınan yeganə birliyik.

Qarşıda AQC-nin sıralarının genişləndirilməsi, beynəlxalq qiymətləndirmə standartlarına cavab verən ənənəvi deyil, müasir sertifikasiya kurslarının təşkil olunması, beynəlxalq əlaqələrin artırılması, əlaqədar qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətimizi artırmağı hədəfləyirik.

- Paytaxtın əmlak bazarında qiymətlər durmadan artır. Ehtimallar ondan ibarətdir ki, qarşıdakı dövrdə bu artım davam edəcək. Bu bahalaşmanı doğuran səbəblər nədir?

- Noyabr  ayı ərzində daşınmaz əmlak bazarında 6,5 faiz qiymət artımı qeydə alınıb. İlin əvvəli ilə müqayisədə 10 faizdən artıq, ötən ilin eyni dövrü ilə müqayisədə isə 20 faizə yaxın qiymət artımı var. Təkrar mənzil bazarında ay ərzində 1 faiz artım, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artım müşahidə edilib. Rusiya-Ukrayna münaqişəsi səbəbindən ölkəmizə xarici vətəndaşların axın etməsi, dünyada hökm sürən iqtisadi böhran və bunun Azərbaycana təsirləri, əhalinin daşınmaz əmlaka etibarlı investisiya kimi yanaşması, inşaat materiallarının bahalaşması, inflyasiyanın sürətlənməsi və digər amillər bahalaşmaya səbəb olur. Bahalaşma eyni zamanda kirayə mənzil bazarında da davam edir. Mövcud iqtisadi vəziyyəti təhlil edərək söyləyə bilərik ki, əmlak bazarında qiymət artımları davam edəcək. Bunun da əsas səbəbi bahalaşmanı doğuran səbəb və şərtlərin aradan qalxmaması, qarşıdakı dövrdə isə daha da şiddətlənəcəyi ilə bağlı ehtimallardır.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə