Tramp: “Ukrayna münaqişəsi Avropanı daha çox narahat etməlidir”

Dünya

19.04.2024 - 13:14

ABŞ-ın keçmiş Prezidenti Ukrayna üçün Avropanın daha çox pul xərcləməli olduğunu bəyan edib

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Avropadan Ukraynaya daha çox kömək edilməli olduğunu bildirib və deyib ki, Vaşinqton Kiyevə artıq çoxlu yardım edib. AYNA xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında qeyd edib.

Sabiq Prezident ABŞ-ın Ukrayna ilə arasında bütöv bir okean olduğunu xatırladıb və Vaşinqtonun Kiyevə Avropadan daha çox pul ayırmasından çaşdığını dilə gətirib. Tramp izah edib ki, Ukraynanın “sağ qalması və gücü” Vaşinqton üçün vacibdir, lakin coğrafi yaxınlığına görə Avropanı daha çox narahat etməlidir.

“Niyə Avropa Ukraynaya ABŞ ayırdığı qədər pul ayıra bilmir?”, - deyə sabiq Prezident sual edib.

ABŞ-ın sabiq lideri Avropanı bu vəziyyəti dəyişməyə çağırıb. Tramp həmçinin ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasını və “səriştəsiz demokratları” indi baş verən “tam qarışıqlıq”da günahlandırıb. Tramp əmin edib ki, Prezident olsaydı, münaqişə heç vaxt başlamazdı.

Bundan əvvəl Tramp bildirib ki, Vaşinqton Kiyevə yardımın həcmini genişləndirməməlidir: “Mənim üçün daha vacib olan odur ki, Avropa irəliyə doğru addım atmalı, daha çox pul verməlidir”.

Müəllif: Ayna.az