Tiflisdə etirazçılarla polis arasında toqquşma olub

Dünya

29.04.2024 - 11:51

Etirazçıları parlament binasına yaxın küçələrdən uzaqlaşdırmaq üçün xüsusi təyinatlılar dayanıb

Dünən axşam saatlarında Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında Rusiyanın “xarici agentlər haqqında” qanununun analoqu olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən minlərlə insanın etiraz aksiyasında vəziyyət gərginləşib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

Qeyd olunub ki, polis dəyənək və bibər qazından istifadə edərək etirazçıları dağıtmağa başlayıb. “İnterfaks” xəbər verir ki, hakimiyyət bura əlavə xüsusi təyinatlılar və polis qüvvələrini yerləşdirmək niyyətindədir. Etirazlar bu gün də davam edəcək. Etirazçıları parlament binasına yaxın küçələrdən uzaqlaşdırmaq üçün xüsusi təyinatlılar dayanıb və Rustaveli prospektinə su reaktiv maşını gətirilib.

Son bir neçə gün ərzində Gürcüstanda müxalifət qüvvələri “Xarici təsirin şəffaflığı haqqında” qanunun parlament tərəfindən qəbul edilməsinə etiraz olaraq, onun Gürcüstan Parlamentindən geri çəkilməsi tələbi ilə etiraz aksiyaları keçirir.

Müəllif: Ayna.az