Televizoru söndürün!

Cəmiyyət

02.08.2020 - 20:38

“Onlar uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərəcəklər”

 

Cinsi azlıqların sosial şəbəkələrdə kifayət qədər tanınması və fanat ordusunun olduğu heç kimə sirr deyil. Hətta vəziyyət o həddə çatıb ki, onlar çıxışlarında “xalqım bizi sevir” deyə fikirlər söyləyirlər. Yüzminlərlə izləyiciləri olan bu şəxslərin foto və videolarını elə yüzminlərlə başqa şəxslər öz şəxsi profillərində paylaşıb söyürlər.

 

Maraqlıdır, insanlar cinsi azlıqları sevmirsə, niyə paylaşıb söyürlər? Axı, bununla o cinsi azlığı tanımayanlar da tanımış olur. AYNA məsələyə psixoloqlar vasitəsilə aydınlıq gətirməyə çalışıb.

Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə deyir ki, insanların çoxuna həmcinslərinə meylli insanlar maraqlı gəlir. “Əslində hər insana belələri maraqlıdır. Sadəcə olaraq insanların çoxu bunu qəbul etmək istəmir və ətrafa biruzə vermir. Həmin insanların əksəriyyəti öz aləmlərində həmcinslərinə meylli olan insanları məsxərəyə qoyaraq özlərinin belə insanlara qarşı maraqlı olmadıqlarına inanmaq istəyirlər. Yəni, belə insanlar onlara maraqlı gəldiyi üçün izləyirlər, amma etiraf etmirlər. Çünki psixologiya da sübut edir ki, insan ona maraqlı olmayan heç nəyi izləməz”.

 

“Kimsə cinsi azlığın səhifəsini izləyirsə, onu təhqir etmək üçün yox, izləmək üçün qoşulur. Belə insanlar qeyd edirlər ki, “biz cinsi azlığı təhqir etmək üçün səhifəsini izləyirik”. Amma yalan deyirlər. Bu, özlərinə bəraət qazandırmaq və “gözdən pərdə asmaqdır”. Qeyd edim ki, hətta, belə insanlara qarşı neytral düşünənlər də onların səhifələrini izləmirlər”, - mütəxəssis bildirir.

 

O, bu istiqamətdə kiçik araşdırma apardığını qeyd edir: “Adi homoseksualları izləyənlər azdır. Amma trans və qadın paltarı geyinənlərə insanlar daha çox maraq göstərirlər. Bir insan nə qədər cinsi azlıqlara aqressiya nümayiş etdirirsə, demək ki, həmin insan bir o qədər də həmin insanlara meyillidir. Çünki bir insan marağı olmayan şeyi izləyib, ona vaxt ayırmaz”.

 

“Bütün bunlar bizi uçuruma aparır. Yaxın gələcəkdə bu cür “Instagram” fenomenləri uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərəcək. Bəzi gənc və yeniyetmələr onların bahalı həyatlarını görüb onlar kimi olmaq istəyəcəklər. Bir də televiziyaların da bu cür insanların tanınmasında böyük rolu var. Bir çox kanallarda olan verlişlər məhz belə insanları cəmiyyətə məşhur sima kimi tanıdaraq onların reklamını həyata keçirir”, - Cavadzadə vurğulayır.

 

Ekspertin sözlərinə görə, bu vəziyyətin qarşısını almaq üçün öncə telekanallarda belə insanlar təbliğ olunmamalıdır: “İnsanlar bilməlidir ki, onların nümayiş etdirdikləri bahalı həyat sadəcə şişirdilmiş bir yalandır. Sosial şəbəkələrdə izləyicisi çox olan səhifələr və saytlar da bu cür insanların həyatında baş verənləri xəbərə çevirb insanlara göstərməməlidir”.

Psixoloq Taryel Faziloğlu isə düşünür ki, məsələnin bizim etnik psixologiyamızla əlaqəsi var: “Azərbaycanlıların etnik psixologiyasına görə, cinsi azlıqlar xalq arasında qəbul olunmur. Onlara qarşı aqressiya da məhz buna görədir. İzləmə səbəbləri isə başqadır. Cinsi azlıqların sosial şəbəkələrdə paylaşdıqları dəbdəbəli həyat tərzləri insanlarda maraq yaradır”.

 

“İkinci səbəb isə cinsi azlıqların davranışlarındakı anormallıq, danışıq tərzi, hərəkətlərinin bir çox insanlarda aqressiyaya səbəb olmasıdır. Bu zaman insanlar həmin şəxslərə aqressiv cavablar verərək onları söyür və rahatlıq tapırlar”, - həmsöhbətimiz bildirir.

 

Faziloğlunun fikrincə, bu gün gənclərin çoxu yox, daha rahat və zəngin həyat tərzi yaşamaq üçün hər şeyə razı olanları bəlkə onlara oxşamaq istəyər: “Digərləri isə streslərini onları söyməklə atırlar”.

Müəllif: Təranə Xudabaxşiyeva