Təkcə Azərbaycanda qalan koronavirus...

Cəmiyyət

14.06.2020 - 14:10

Məhdudiyyətlərin bu qədər uzadılmasında hökumətin marağı nədir?

 

Müşahidələrdən belə qənaətə gəldim ki, koronavirus dünyanı qitə-qitə, ölkə-ölkə gəzdi və Azərbaycandan başqa heç bir yeri bəyənmədi. Buna görə də dost-tanışlarını, qohum-əqrabalarını yığıb tökülüşdülər ölkəmizin küçələrinə. Azərbaycan hökuməti də məcbur qalıb vətəndaşı virusdan qorumaq üçün həftə sonları sərt karantin elan edir, böyük şəhərlərə giriş-çıxışa qadağa qoyur, üstəlik, çimərliyə də növbə ilə getmək üçün portal yaradır.

 

Bizim hökumətimiz öz qayğıkeş tədbirlərini almaqda olsun, mən sizə danışım dünyanın lider dövlətlərindən, super güclərindən. Koronavirus Avropanı, Amerikanı bəyənməyib o yerləri tərk etmiş olsa gərək ki, Amerika və Avropa ölkələrinin küçələri adamla dolub-daşır. Məlum Corc Floyd hadisəsindən sonra dünyanın müxtəlif yerlərində baş qaldıran etiraz dalğaları koronavirusu çoxdan unutdurub.

 

Yayılan görüntülərdən aydın olur ki, dövlətlər karantin rejimi elan etmiş olsa belə, insanlar etiraz aksiyalarına çıxır və meydanlarda toplaşırlar. Bunu etiraz aksiyası adlandırdığımız üçün “kimlərsə öz canını yox, bir irqin taleyini daha çox düşünür” deyə bilərsiniz. Lakin Avropada, Amerikada kütləvi toplaşmalar bununla bitmir.

Bu videoda Paris kafelərində dincələn firəngləri görürsünüz. “Fransız xalqı keyf eləyir” məsəli firənglərin bu sərhədsiz azadlığından qaynaqlanmış olmalıdır ki, xalq “hər şeyə rəğmən” deyib öz mümkün məişət və ictimai azadlığını qorumağa çalışır.

 

İyun ayının 10-da isə Serbiyada baş tutan futbol matçı zamanı stadion azerkeşlərlə dolub-daşır. Videoda Crevena-Zvezda qarşılaşmasında azerkeş sıxlığını və coşqusunu görmək mümkündür.

Koronavirusa yoluxma və ölüm statistikasında ilk pillələrdə yer alan İtaliya may ayının 18-dən etibarən bütün restoranları, kafeləri, barları, çimərlikləri, muzeyləri açıq elan edib. 3 iyundan etibarən isə Avropa ölkələri arasında səyahət sərbəstləşib.

 

Bütün bunlardan sonra Azərbaycanda hələ də həftəsonları sərt karantin elan edilməsi, böyük şəhərlərə və bəzi rayonlara giriş-çıxışın qadağan edilməsi özü ilə müəyyən şübhələrə yol açır. Ya insanları evə qapamaq, gərginlikdə saxlamaq üçün bir fürsət düşüb ya da hökumət vətəndaşların qayğısına qaldığını göstərib özünü sevdirmək istəyir. Əgər birinci variantdırsa, ona deyiləcək söz yoxdur. İkinci variantdırsa, o zaman hökumətin nəzərinə xırda bir detalı çatdırmalıyam.

 

İsti yay günləri evinin içində tərləyib-tərləyib kondisioner altında yatanların hamısı pnevmaniya, miningit kimi xəstəliklər tapacaqlar. Üstəlik, həftə ərzində evə daşınan hər hansı bir xəstəlik həftəsonu iki gün ərzində evdə olan bütün ailə üzvlərinə rahatlıqla yoluxacaq. Havasız evlər, tərli yataqlar, zibilini belə, ata bilməyib çirkab içində yaşanlar, ağcaqanad və milçək tüğyanından malyariyaya qədər yoluxa biləcəklər.

 

Dənizə, hovuza getmək üçün yaradılan portalda günlərlə növbəyə dayanıb, o sularda paklanmaqdan da məhrum qalacaqlar. Çoxu işsiz, maddi gəlirsiz olan adamların heç biri ödənişli çimərliklərə getməyəcək, onlar pulsuz çimərliklərdə bir az dincəlmək üçün günlərlə gözləyib ruhi-əsəb xəstəsinə çevriləcəklər.

 

Yəni, hökumət karantinə davam etdikcə, koronavirusdan daha təhlükəli xəstəliklər topluma düçar olacaq. Bunları bilmək üçün TƏBİB olmaq lazım deyil, orta təhsilini ortabab oxuyanlar da bunun fərqinə vara bilərlər.

 

Sual isə hələ də açıq qalır: Məhdudiyyətlərin bu qədər uzadılmasında hökumətin əsas marağı nədir? Həm qəribə, həm də maraqlı sualdır.

Müəllif: Bünyamin