Tehranın Bakıya “canıyananlığı”

Siyasət

25.01.2021 - 15:48

İran Qarabağa girmək üçün “zərif yollar” axtarır

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfər edib. İlk açıqlaması da bu olub ki, Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq. Zərif Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistan və Türkiyәyә sәfәr edәcәyini deyib. Həmçinin, növbəti səfərlərinin də ümdə mövzusunun Qarabağla bağlı olacağını bildirib.

 

Məlum məsələdir ki, İranın hər zaman Ermənistana birmənalı dəstək verməsinə baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və İran da proseslərdən kənarda qalıb. Ona görə də İran Qarabağa girmək üçün “zərif yollar” axtarır. Lakin 44 günlük müharibədə ağı qaradan seçən Azərbaycan xalqı kimin dost, kimin isə düşmən olduğunu yaxşı başa düşüb və İrana olan-qalan etimadı da yerlə-yeksan olub. Çünki az da olsa, yerdə qalan təsirini daha çox din-məzhəb vasitəsi ilə ölkəmizdə qoruyub saxlayan cənub qonşumuzun şəhidlərimizin və qazilərimizin qanı üzərindən düşmənə növbəti dəfə qucaq açması, yerdə qalan rəğbəti də qəzəbə çevirib.

 

Məlum olduğu kimi, 80 milyondan artıq əhalisi olan İranda 35 milyondan artıq azərbaycanlı, 8 milyon kürd, 1 milyon ərəb və 100 min erməni yaşayır. Yəni, ermənilərin İranda digər etnik qruplara nisbətən sayı xeyli azdır. Həmçinin, İran Konstitusiyasına görə, İranda yaşayan bütün etnik qruplar eyni hüquqa malik olduqları üçün, ana dillərində təhsil ala və danışa bilərlər. Buna baxmayaraq, İranda yaşayan etnik qruplar arasında ən böyük üstünlük, məhz ermənilərə verilib.

 

Belə ki, ermənilər İranda uşaq bağçasından universitetə qədər öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur, universitetlərdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Həmçinin, paytaxt Tehranda sırf ermənilər üçün nəzərdə tutulmuş 23 məktəb var və ermənilərin milli və dini bayramlarını qeyd etmək hüquqları rəsmi şəkildə tanınır.

 

Bir sözlə, İranda dövlət içində dövlət olmaq səlahiyyətinə malik olan ermənilər farslarla əsl qardaşlıq nümunəsi ortaya qoyublar. Həmin farslarla ki, məhz Ermənistanın düşməni olan Azərbaycana düşmən gözü ilə baxır, lakin din amilindən istifadə edərək hər fürsətdə təxribat yaratmaq istəyirlər.

 

Eyni zamanda, İran parlamentində erməni icması üçün 2 deputat mandatı ayrılıb və bu hüquq ölkə Konstitusiyasında ayrıca bəndlə göstərilib. Həmin erməni icmasının əsas fəaliyyəti isə qondarma “erməni soyqırımı”nı gündəmə gətirmək və Ermənistan-İran münasibətlərinin inkişafına dəstək olmaqdır. Buna əsasən də, hər il aprelin 24-də İranda qondarma “erməni soyqırımı” ilə bağlı izdihamlı aksiyalar keçirilir.

 

Yəni ki, İran əhalisinin yarıya yaxınını Azərbaycan türklərinin təşkil etməsinə baxmayaraq, İranda məhz Azərbaycanın, din qardaşlarlarının düşməni olan Ermənistanın geniş lobbisi və diasporu fəaliyyət göstərir və bu təşkilatlar davamlı olaraq həm Ermənistana, həm də Qarabağdakı erməni separatçılarına yardım edir.

 

Həmçinin, İranla Ermənistanın və ermənilərin ortaq silah alveri də hər kəsə məlumdur. Buna misal olaraq britaniyalı hərbi-siyasi ekspert Harold Keynin “Narco Karabakh” kitabını göstərmək olar. Müəllif kitabında ermənilərin silah qaçaqmalçılığı və silah alveri şəbəkəsinin tanınmış siması Samvel Babayandan bəhs edir və Babayanın Gürcüstan üzərindən İrana və başqa ölkələrə silah tədarükü yolunu açdığını aşkarladığını bildirir, həmçinin Ermənistanın qanunsuz silah alverindəki iştirakının beynəlxalq fəsadlara səbəb olduğunu vurğulayır.

 

Rəsmi İrəvan isə İranla silah alverinə və ya İrandan Ermənistana hərbi avadanlıq göndərilməsinə bu günə qədər heç bir rəsmi açıqlama verməyib və bu sükut da faktların həqiqət olmasını göstərir.

 

Əlqərəz, suyu süzülmüş və yollarda qalmış Cavad Zərifin sapda durmaz dəhrə kimi ora-bura qaçması göstərir ki, İran Azərbaycanın qələbə qazanmasından nə qədər narahat olsa da, bir o qədər də özünün kənarda qalmasından narahatdır. Buna görə də üzdə də olsa, İranın “sülh göyərçini” olduğunu göstərmək istəyir. Amma xainə etibar etmək olmaz, çünki hər an ilk zərbəni vura bilər.

Müəllif: Mərahim Nəsib