İyun ayında Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları "sazişləri" ləğv etməsini müsbət hadisə saysam da, eyforiyaya qapılmağa ehtiyac olmadığını bu cümləmlə izah etmişdim: “Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır"
Təəssüf ki, proqnozum doğruldu. Hiyləgər düşmən yenə əks-zərbə vurdu. Sentyabrın 20-də Fransanın Qrenobıl şəhərində, Izer administrasiyasının konfrans salonunda bölgə department şurasının sədri Jan-Pyer Barbye ilə işğal altındakı Xocavənd rayonunun “administrasiya rəhbəri” Kamo Petrosyan arasında “dostluq bəyannaməsi” imzalanıb. İmzalanma mərasimində departament rəhbərliyinin əməkdaşları, erməni icmasının nümayəndələri və jurnalistlər iştirak ediblər.
Demək, iyun ayında Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğvi işə yaramadı. Halbuki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv etmişdi. Bundan əvvəl isə mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğv etmişdi.
Əlbəttə, Fransanın bölgə məhkəməsi növbəti “dostluq xartiyasını” da ləğv edə bilər. Erməni separatçılarının məqsədi bəllidir, anlaşılmayan Fransanın departament rəhbərlərinin ölkə məhkəmələrinin qərarlarını heçə saymalarıdır.