“Həkim təyinatı və nəzarəti olmadan dərman preparatlarından istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər”
Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva “TƏBİB-in müalicə protokoluna hansı dərmanlar daxildir?” sualına aydınlıq gətirib. O, dərmanların adının çəkilməsinə lüzum görmədiyini deyib.
“Buradan hansısa dərman preparatının adını çəkmək həmin dərmanların apteklərdən kütləvi şəkildə alışına səbəb ola bilər. TƏBİB-in istifadə etdiyi dərman preparatlarının hamısı tibb işçiləri üçün dərc olunmuş rəhbərliklərdə var. Xüsusən də evdə müalicə və müşahidə ilə bağlı bizim yeni tibb müəssisələri üçün rəhbərliklər hazırlanıb və paylanıb. Yenə də qeyd etmək istəyirəm ki, biz evdə sadəcə asimptomatik, yəni, heç bir simptomu olmayan və ya yüngül simptomları olan vətəndaşların müşahidəsini aparmağı düşünürük. Bu, o deməkdir ki, həmin şəxslərin hər hansı xüsusi müalicəyə ehtiyacı olmayacaq və ona görə də hansısa dərman preparatlarının alınması və toplanması haqqında heç bir məsələ olmamalıdır”, - Qarayeva bildirib.
O, qeyd edib ki, COVID-19 virusunun spesifik müalicəsi hələ də dünyada təsdiq edilməyib: “Bizim istifadə etdiyimiz dərman preparatları simptomların aradan götürülməsi üçün istifadə olunur. Əgər kimdəsə simptom yoxdursa, onun dərmanlardan istifadə etməyinə də ehtiyac yoxdur. Xahiş edirəm, diqqətli olaq, hər bir dərmanın xeyri olduğu kimi əks təsiri və ziyanları da var. Həkim təyinatı və nəzarəti olmadan dərman preparatlarından istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər”.