Tarixi rekord: neftin qiyməti 200 dollara qalxa bilər

İqtisadiyyat

12.03.2022 - 22:31

Ekspert: “Müharibə ilə bağlı qeyri-müəyyənlik və risklər qiymətlərə təkan verir”

Ukrayna hadisələri məntiqi olaraq neft bazarındakı vəziyyətə təsir etdi: “Brent” markalı neft son 10 ildə ilk dəfə olaraq bir barel üçün 100 dollardan yuxarı qalxdı. Və bu, son hədd deyil.

Hələlik vəziyyət elədir ki, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri martın 10-da 5,5% artaraq bir barel üçün 117 ABŞ dollarına çatıb. WTI markalı neft üçün aprel müqaviləsinin kotirovkaları 4% artaraq bir barel üçün 113 dollar təşkil edib.

Dünyada neft tədarükünün həcmi istehsal gücləri və ehtiyatları ilə məhdudlaşır ki, bu da artıq bir neçə il ərzində ən aşağı həddə çatır. Bəzi analitiklərin fikrincə, bu, neftin qiymətini yüksək saxlayacaq defisitə gətirib çıxaracaq.

Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyalara səbəb olan Ukrayna ilə bağlı münaqişənin daha da kəskinləşməsi qiymətləri artırmağa davam etdi. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan neft və digər enerji resurslarının tədarükünü qadağan edən qanunu təsdiqləyib. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden də analoji qadağa ilə çıxış etmişdi.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) amerikalı tərəfdaşlarından nümunə götürmədi. Bu, onunla bağlıdır ki, Avropa ölkələri hələlik Rusiyanın enerji mənbələrindən tam imtina edə bilmir. Bununla belə, Brüssel 2022-ci ildə Rusiya Federasiyasından enerji resurslarının istehlakını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. Tam qadağanın 2030-cu ildən xeyli əvvəl real olacağı gözlənilir.

Rusiyalı iqtisadçı Vadim Kovrigin hesab edir ki, hələlik bunun iqtisadi nəticələri tam başa düşülməyib, çünki Rusiyanın ABŞ-a karbohidrogen ixracının payı o qədər də yüksək deyil: “Prinsipcə, gəlirlərin azalmasını qiymət artımı kompensasiya edir. Enerji daşıyıcılarının - qaz və neftin qiymətləri indi bütün tarixi rekordları üstələyir. Xüsusilə qaz kotirovkaları. Aİ hələlik Rusiya qazı və neftinin tədarükünü məhdudlaşdırmayacaq. Bunun gələcəkdə nəyə gətirib çıxaracağı, əlbəttə ki, daha mürəkkəb sualdır”.

Analitiklərin fikrincə, neftin maya dəyərinin artmasına geosiyasi səbəblərlə yanaşı, ABŞ-ın təşviq etdiyi yaşıl enerjinin dərəcəsi də təsir edib. Son vaxtlar dünya iqtisadiyyatının məruz qaldığı riskləri nəzərə alan iqtisadçılar hətta 150 dollar/barelin də qiymət limitinə çevrilməyəcəyini proqnozlaşdırırlar. İlin sonuna kimi neftin qiyməti 200 dollara qədər qalxa bilər. Amma bu, İran və Venesueladan sanksiyaların götürülməməsi halında baş verə bilər.

Yeri gəlmişkən, “Reuters” agentliyinin ABŞ rəhbərliyindəki mənbələri artıq bəyan ediblər ki, Venesuela bu ölkəyə neft tədarük etməyə başlayarsa, ona qarşı sanksiyalar yumşaldıla bilər. İran neftinin xəyalı da bazarı qorxudur. Artıq bir neçə aydır ki, Co Bayden administrasiyası Tehran nümayəndələri ilə Vaşinqtonun birtərəfli qaydada çıxdığı nüvə sazişinə ABŞ-ın qayıtması ilə bağlı danışıqlar aparır.

İqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırılmasa, neftin qiyməti daha da rekord həddə çatacaq: “İrana qarşı sanksiyalar götürülməsə, neftin 200 dollara qalxacağına şübhəm yoxdur. Bundan başqa, dünyanın ən böyük neft ehtiyatlarına (300 milyard barel) malik olan Venesuela da sanksiyalar səbəbindən onu sata bilmir”.

“Belə bir vəziyyətdə Rusiyaya da neft və qaz sanksiyaları tətbiq edilərsə, qiymətlər fantastik həddə çatacaq. Çünki bu üç ölkə neft və qaz ehtiyatlarına görə lider mövqe tutur. Rusiyanın enerji bazarına sanksiya təzyiqi ciddi psixoloji təsir göstərir. OPEC+ daxilindəki məhdudiyyətlər qiymətləri daha da artırır”, - deyə həmsöhbətimiz bildirib.

Bununla belə, Əmirov hesab edir ki, bahalaşma uzun müddət davam etməyəcək: “Bu gün biz neft və qaz qiymətlərinə daha çox psixoloji təzyiq görürük. Müharibə ilə bağlı qeyri-müəyyənlik və risklər qiymətlərə təkan verir. Bu amil aradan qaldırılanda və razılaşmalar əldə olunanda neft və qaz kotirovkalarının rekord artımı dayanacaq. İstənilən halda, Qərb Rusiyanın enerji resurslarından imtinaya əsaslanan enerji strategiyasını davam etdirəcək və mümkün qıtlıq riskləri qiymətləri tonusda saxlayacaq”.

Müəllif: Tanya Samsonova

GÜLSÜM

Dünən, 22:14 Yazarlar