Yaşlıları evə qapatdıq, özümüzü təcrid etdik: <font color=red> Bəs, onlar...?</font>

İqtisadiyyat

28.03.2020 - 14:43

Ortada çox ciddi risk qrupu var, təcili bu məsələyə müdaxilə edilməlidir

 

Azərbaycanda koronavirusun yayılması təhlükəsi ilə əlaqədar olaraq sosial təcrid və özünü təcridetmə tədbirləri dava edir. Vətəndaşlar təcili ehtiyac olmadan evdən çıxmamağa çalışırlar, yaşlı insanların çölə çıxmaq isə rəsmən qadağan olunub.

 

Bəs belə vəziyyətdə başlarının üstündə damı belə, olmayanlarla nə etmək lazımdır? Söhbət heç kimin xatırlamadığı, səfil həyat tərzi sürən insanlardan gedir.

 

Bir çox ölkələrdə onları təhlükəli virusdan qorumaq üçün şərait yaratmağa çalışırlar. Belə ki, Londonda səfil həyat tərzi sürən insanlara epidemiya zamanı koronavirusdan qorunmaq üçün otellərdə məşkunlaşmaq təklifi edilir. Bunun üçün 300-ə yaxın otel otağı ayrılıb. Xeyriyyə təşkilatları tərəfindən səfil həyat tərz sürən insanlara ev veriləcək. Kimsəsiz insanların tez-tez tənəffüs sistemi xəstəlikləri olduğundan və bu səbəbdən koronavirusa yoluxduqda onların səhhətində daha mürəkkəb və çətin problemlər yarana biləcəyi üzündən bu qərar verilib. Bununla da onların epidemiyadan qorunmalarına kömək etmək qərarına gəliblər.

 

Mövzu ilə bağlı AYNA-ya danışan Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalovun sözlərinə görə, dilənçi və səfil həyat tərzi sürən insanlar, koronavirus da daxil olmaqla, istənilən xəstəlik üçün avtomatik olaraq risk qrupuna daxildirlər: “Yaşlıların bu xəstəliyə meyilli olmasına görə, hökumət evdən çıxmağı qadağan edərək onları lazımsız ünsiyyətdən təcrid edirsə, səfil həyat tərzi sürən insanlara qayğı göstərməmək məntiqsiz olar. Doğrudur, qohumlarının təkidi ilə və cinayət sanksiyaları ilə hədələnərək evlərinə göndərilən yaşlılardan fərqli olaraq, bu evsizlərin virusdan qorunacaq sığınacaqları yoxdur. Eyni şəkildə, onların dövlətdən (pensiya şəklində) və qohumlarından hər hansı maddi yardım almaq imkanları yoxdur. Məsələnin bu iki aspekti səlahiyyətli qurumların müdaxiləsini tələb edir”.

 

O hesab edir ki, bu təbəqədən olan insanların bir hissəsini dövlət hesabına yataqxanalarda və ya ordu kazarmalarında, miqrantlar üçün nəzərdə tutulan məkanlarda yerləşdirmək olar: “Yeməyin verilməsində sıxlıq və fasilələrin olmaması vacibdir, lazımi tibbi və sanitariya bölməsi də olmalıdır. Ancaq bir şeyi də unutmamalıyıq ki, evsiz insanlara sığınacaq verilsə, uzun bir asosial həyat tərzinə görə bəzilərini orada saxlamaq çətin olacaq. Görünür, bu iş İnzibati Xətalar Məcəlləsinin 211 və Cinayət Məcəlləsinin 139-1-ci maddələrinin hipotetik tətbiqlərindən biridir. Yəni bir insan özünü təcridetmə qaydasını pozarsa, cəzalandırılacaq. Evsizlərin cərimələr üçün pullarının olmadığını nəzərə alsaq, bu halda onlar həbs ediləcəklər - 30 günə qədər inzibati cəza və ya rejimin pozulması əhali üçün ciddi təhlükə və ya real ağır nəticələrə səbəb olarsa, 3 aydan 5 ilə qədər həbs ilə tənzimlənəcək”.

 

Hüquq müdafiəçisi, həmçinin qeyd edib ki, tək evsiz insanlar deyil, karantin rejiminin ziddinə gedən digər şəxslər də diqqətsizlik və ya bilərəkdən ətrafdakıları yoluxdura bilərlər: “Vətəndaşlar arasında bütün cəmiyyəti öz dərdlərinə görə günahlandıran və adamlara nifrət edən insanlar da var. Məsələn: “Əgər mən sağalmaz xəstəliyə düşmüşəmsə, qoy bütün dünya da yansın!”. Bu cür hallar tək-tük olur, lakin bu da təhlükədir”.

 

“Uşaqlığımda baş verən bir hadisəni xatırlayıram: böyüklər konfet yalayıb, sonra da onu yenidən konfet kağızına bükərək həyətdəki uşaqlara paylayan vərəm xəstəsini tutdular və necə lazımdır, cəzalandırdılar. Yaxud, təxminən, 15 il əvvəl bir gənc fahişə QİÇS-ə yoluxduğunu öyrəndikdən sonra həkimlərdən qaçdı və qısa müddətdə 200 “müştəri” ilə yatdı… İndi oxuyuram ki, xəstələr karantindən qaçmağa çalışırlar. Ola bilər ki, onlar da hər yerdə asqırmaq və öskürəkməklə insanları yoluxduracaqlar”, - Zeynalov bildirib.

 

Qeyd edək ki, hər hansı şəxs xəstəliklərin yayılmasına şərait yaratdıqda, qanunla 2500-5000 manat miqdarında cərimə edilir, bundan başqa, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunur. Qanunsuz davranış insanların ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müəllif: Elya Belskaya