Naxçıvan Sazişi mühüm tarixi hadisə kimi qiymətləndirilib
Türk Dövlətləri Təşkilatının təsis sənədinin imzalanmasından 15 il keçir. 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilmiş Türk ölkələrin dövlət başçılarının IX Zirvə Görüşü bu gün tarixi bir zirvə toplantısı adlandırılır. İştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişinin imzalanması Türk Dünyasının daha da yaxınlaşmasına, münasibətlərin, əməkdaşlığın inkişafına yeni impuls verdi. Naxçıvan sazişinin imzalandığı tarix - 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə Ankara şəhərində keçirilən rəsmi tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri iştirak etdilər. Yubiley tədbirində çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyət və Miras Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un Baş katibinin müavini Sait Yusuf və başqaları çıxış etdilər.
Çıxışçılar dünyada baş verən qlobal geosiyasi proseslər kontekstində Türk dövlətləri arasında inteqrasiya proseslərinin müstəqillikləri qoruyub saxlamağın əsas qarantlarından biri kimi qeyd etdilər. Türk Dövlətləri Təşkilatının əsas şüarının “Gücümüz birlikdədir” olduğunu xatırladan tədbir iştirakçıları ancaq birlik olduğumuz təqdirdə müstəqilliyimizi, varlığımızı və bütövlüyümüzü qoruyub saxlaya biləcəyimizi xüsusi olaraq vurğuladılar.
Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxışında Naxçıvan Sazişini mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu Sazişin imzalanması ilə Türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyini dilə gətirdi. O, bu sənədin türk xalqları arasında birlik və inteqrasiya ruhunu inkişaf etdirdiyini qeyd edərək, Türk əməkdaşlıq təşkilatları arasında koordinasiyanın və əlaqələrin uğurlu təşkilinin “Türk Dünyası-2040 Vizyonu” sənədində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün münbit zəmin yaratdığını bildirdi.
Akademik Ş.Mustafayev Beynəlxalq Türk Akademiyasının fəaliyyətindən bəhs edərək Akademiyanın qardaş ölkələrdə vahid elmi məkanın formalaşmasına, bu ölkələrin elmi qurumları və mühitinin bir-biri ilə sıx inteqrasiyasına böyük töhfə verdiyini söyləyib. O, Akademiya tərəfindən həyata keçirilən tarix, arxeologiya, etnologiya, antropologiya, ədəbiyyat, dilçilik, terminologiya, iqtisadiyyat, türk coğrafiyasında tarixi-mədəni irs abidələrinə həsr olunmuş elmi tədqiqatların türk dövlətləri arasında mədəni-humanitar əlaqələrin inkişafına xidmət etdiyini deyib.
Beynəlxalq Türk Akademiyasının, həmçinin bir çox elmi əməkdaşlıq şəbəkələrini inkişaf etdirib onların katibliyi kimi fəaliyyət göstərdiyini qeyd edən akademik Şahin Mustafayev, nümunə kimi Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi, İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi, Türk Dünyası Arxeoloji Tədqiqat İnstitutu və Mərkəzləri Birliyinin təsisini göstərdi.
Yubiley tədbiri ərəfəsində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev oktyabr ayının 1-də Türkiyənin “TRT Avaz” kanalına geniş müsahibə verdi. “Avrasiya Gündəmi” programında canlı yayımlanan müsahibəsində Şahin Mustafayev bu ilin sentyabr ayında Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında Ortaq Türk Əlifbasının qəbulu ilə bağlı önəmli fikirlər səsləndirdi.
Ortaq əlifbanın qəbul olunmasının Türk Dünyası üçün uzun illərdir xəyal etdiyi bir hadisə olduğunu qeyd edən alademik Ş.Mustafayev fikrini bu sözlərlə əsaslandırdı: “Çünkü ortaq əlifba həmçinin ortaq yazı deməkdir. Ortaq yazı ortaq mədəniyyət, birlik və bərabərlik deməkdir. Yəni bizim mədəni birlyimizin əsasının ortaq əlifba təşkil edir”.
Son illərdə Türk dövlətləri arasında ciddi şəkildə yaxınlaşma və birləşmə prosesinin baş verdiyini qeyd edən akademik, həmçinin elm, təhsil, mədəniyyət sahəsində də inteqrasiya prosesi intensiv xarakter aldığını qeyd edib: “Əgər türk xalqları eyni əlifbanı yazıda işlədərlərsə, Ortaq Türk Əlifbası ünsiyyət vasitəsi kimi bir-birimizin yazılarını daha aydın şəkildə anlamağımız üçün çox böyük bir kömək olar. Bu mənada Ortaq Türk Əlifbası dil, ədəbiyyat, mədəniyyət baxımından türk dövlətləri arasında yaxınlaşmanı asanlaşdıran çox ciddi vasitəyə çevriləcəkdir”.