İxtişaşlar genişklənməkdədir: Tramp qoşunları Los-Ancelesə göndərib:
Tramp administrasiyası qeyri-qanuni mühacirləri saxlamağa yönəlmiş federal reydlərə qarşı etirazların ikinci gündür davam etdiyi Los-Ancelesə 2000 Milli Qvardiya əsgəri göndərdiyini açıqlayıb. Bu barədə “Reuters” məlumat yayıb.
Federal agentlərlə bir neçə yüz etirazçı arasında toqquşmalar Los-Ancelesin cənub-şərqindəki Paramount bölgəsində baş verib. Bəzi nümayişçilər Meksika bayraqları daşıyıblar. Paramount bölgəsindəki hadisə yerindən çəkilmiş görüntülərdə yaşıl formada və qaz maskalarında onlarla İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) zabiti aşmış alış-veriş arabaları ilə zibillənmiş yolda, gözyaşardıcı qaz buludları içində görünür.
Axşam saatlarında şəhərin mərkəzində keçirilən ikinci mitinqdə 60-a yaxın insan “ICE, L.A.-dan çıx” şüarları səsləndirib.
Los-Anceles Polis Departamenti “X” sosial media saytında bildirib ki, “bir neçə nəfər bir neçə xəbərdarlıqdan sonra dağılışmaqdan imtina etdiyi üçün həbs edilib”.
Etirazların ilk dalğası cümə gecəsi ICE əməkdaşlarının Los-Ancelesə basqın etməsindən və immiqrasiya pozuntusu şübhəsi ilə ən azı 44 nəfəri saxlamasından sonra başlayıb.
Ağ Evdən bildirilib ki, Tramp “asayişi bərpa etmək və kök salmasına icazə verilən qanunsuzluğu aradan qaldırmaq üçün” Los-Ancelesə Milli Qvardiya qoşunlarını göndərmək üçün Prezident Memorandumunu imzalayıb.
Pentaqon rəhbəri Pit Heqset Camp Pendletonda yerləşən dəniz piyadalarının yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb.
Kaliforniya qubernatoru, Demokratlar Partiyasından olan Qavin Neusom qərarı "qəsdən təxribat" adlandırıb. O “X” sosial media hesabında yazıb: "Tramp polis çatışmazlığı səbəbindən Milli Qvardiyaya göndərmir, Milli Qvardiyanı nümayiş üçün göndərir. Buna aldanmayın. Zorakılıq yoxdur. Yalnız dinc etiraz var".
Neusom həmçinin müdafiə nazirinin öz vətəndaşlarına qarşı hərəkət etmək üçün Los-Anceles küçələrinə müntəzəm ABŞ qoşunlarını göndərməyə hazır olması ilə bağlı açıqlamalarını “zehni pozğunluq” adlandırıb.
Tramp isə özünün “Truth Social” platformasında yazıb: “Əgər Neusom və Los Anceles meri Karen Bass öz işlərinin öhdəsindən gələ bilməsələr, Federal Hökumət işə qarışıb “RIOTS & LOOPER” problemini həll edəcək – elə olmalı olduğu kimi!!!”. Tramp həmçinin bildirib ki, nümayişçilərə artıq üz maskası taxmağa icazə verilməyəcək.
Etirazlar qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparan Tramp administrasiyası ilə əhəmiyyətli bir Latın əsilli və əcnəbi əsilli əhalisi olan Los Anceles şəhəri arasında kəskin qarşıdurmanı əks etdirirdi.
Prezident Tramp əvvəllər qeyri-qanuni mühacirlərin kütləvi şəkildə deportasiyasını həyata keçirəcəyini və ABŞ-ın cənub sərhədini tamamilə bağlayacağını vəd etmişdi. Ağ Evin məlumatına görə, ICE-yə gündə ən azı 3000 həbs etmək tapşırılıb. Lakin Trampın tənqidçiləri deyirlər ki, reydlər təkcə qeyri-qanuni şəxsləri deyil, həm də daimi sakinlər də daxil olmaqla hüquqi statusu olan insanları hədəf alır. Bu işlər artıq məhkəmə çəkişmələrinə səbəb olub.


