“Şuşaya qalxırıq, şəhid olacağımı bilirəm, amma geri qayıtmayacam” - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

07.02.2021 - 20:41

Vətən müharibəsinin şəhidi: “Birdən tanınmaz hala düşərəm, barı, bu vasitələrlə nəşimi tapıb ailəmə təhvil versinlər”

 

Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəklik, həmçinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Həmçinin, bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.

 

Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, zabitlər, könüllü döyüşçülər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də şəhid Vüqar Çələbilidir. O, 1993-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində dünyaya gəlib. Orta məktəbi doğulduğu qəsəbədə oxuyub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətini bitirdikdən sonra isə müxtəlif işlərdə çalışıb.

 

Şəhidimizin yaxınlarının AYNA-ya danışdıqlarına görə, Vüqar zəhmətə qatlaşan, heç bir çətinlikdən qorxmayan, özünü hər zaman oda-alova atan biri olub: “Yalnız bircə arzusu var idi ki, Bakıdan rayonumuza qayıtsın və özünə “VAZ 2104” markalı maşın alıb taksi fəaliyyətinə başlasın. Hətta, özünə bəy otağı da hazırlatmışdı ki, işini qurandan sonra evlənib yeni həyata başlasın. Lakin mümkün olmadı və həmin otaqda cəmi bir gün qalıb müharibəyə yollandı. Son sözü də bu oldu ki, “bəlkə, qayıtmadım, barı öz otağımda bircə gün də olsa, qalım””.

 

“Sentyabrın 27-də döyüşlər başlayanda müharibəyə yollandı və noyabrın 2-dən 3-nə keçən gecə yaralandı. Boynundan qəlpə yarası alan Vüqar Hadruta gətirilib ilkin tibbi yardım alıb və əməliyyat olunmaq üçün təcili tibbi yardım maşını ilə Füzuliyə yollanıb. Lakin yolu azaraq Xocavəndə gedib çıxırlar. Xocavənddə isə yoldaşları ilə birlikdə düşmən gülləsinə tuş gəlirlər. Ondan sonra isə haqqında heç bir məlumat əldə edə bilmədik. Gəzmədiyimiz morq, axtarmadığımız hospital qalmadı, lakin “gördüm” deyən olmadı. Nəhayət, Azərbaycan Ordusu Xocavəndə daxil olanda onların cəsədləri tapılıb və DNT analizi nəticəsində hər birinin kimliyi məlum olur”, - şəhidin dayısı oğlu Aqil Salmanlı bildirir.

 

O, Vüqarın Zəngilan, Qubadlı və Şuşa uğrundan gedən döyüşlərdə iştirak etdiyini deyir: “Hətta, Şuşa döyüşlərindən əvvəl zəng edib demişdi ki, Şuşaya qalxırıq, şəhid olacağımı bilirəm, amma geri qayıtmayacam. Şəhid olacağını bilə-bilə də ölümün üstünə getdi. Hətta, Ağdaş rayon səfərbərlik xidmətinə gedib onu müharibəyə göndərmələri üçün dava-dalaş salmışdı. Deyirdi ki, dost-tanışlarım müharibəyə getdiyi halda, mən burda qala bilmərəm. Vüqar itkin düşəndən sonra iki aya yaxın haqqında heç bir məlumat olmadı. Hətta, itkin düşməyinə 5 gün qalmış anası Vüqardan ona xəbər veriləcəyi ilə bağlı yuxu görmüşdü. 5 gündən sonra da itkin düşdüyünü eşitdik. Ümumiyyətlə, Vüqar uşaqlıqdan başıbəlalı olub. Həmişə başına böyük problemlər gəlib. Buna baxmayaraq, sözübütöv, qorxmaz, heç vaxt yalan danışmayan, dürüst bir insan idi”.

 

“Ən təsirlisi isə odur ki, 2-3 il bundan əvvəl tanıdığı, lakin hazırda heç bir əlaqəsi olmayan köhnə tanışlarına zəng edib müharibəyə getdiyini və şəhid olacağını deyərək halallıq almışdı. Döyüşlərə yollananda isə öz ad-soyadını, atasının, qardaşının ad-soyadını və nömrələrini, harda qeydiyyatda olduğunu, hansı komissarlıqdan yola düşdüyünü kağıza yazıb hərbi xidmətdən özü üçün xatirə saxladığı boş mərminin içinə qoyub özüylə aparmışdı ki, “birdən şəhid olaram və tanınmaz hala düşərəm, barı, bu vasitələrlə nəşimi tapıb ailəmə təhvil versinlər”. Elə dediyi kimi də oldu, noyabrın 2-dən 3-nə keçən gecə düşmənin diversiya qrupu tərəfindən ələ keçirilib döyüş yoldaşları ilə şəhid edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidimizin qohumu fikrini yekunlaşdırır.

Müəllif: Mərahim Nəsib