Şuşa Bəyannaməsinin Qars açarı: Tarixin diqtəsi və 15 faizlik qanuni haqqımız

Tarix

20.06.2021 - 22:48

“Şərqin qapısı” və “Türk qapısı” adlandırılan Naxçıvan yenidən bölgəmiz üçün mühüm qapı olacaq

 

Geridə qoyduğumuz həftə istər ölkəmiz, istərsə də bölgəmiz üçün çox önəmli tarixi hadisəyə şahid olduq. Şuşada Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan, genişmiqyaslı əməkdaşlığa köklənən Şuşa Bəyannaməsinin əhəmiyyəti tək iki ölkə üçün deyil, bölgəmizin beynəlxalq münasibətlər sistemindəki rolunda da müəyyən dəyişikliklər və irəliləyişlər vəd edir.

 

Xüsusən Zəngəzur dəhlizinin açılmasına dair birgə planlar bölgə dövlətlərini həm iqtisadi, həm ticari, kəm də nəqliyyat kommunikasiyası baxımından birləşdirəcək. Bəyannamə regionda sülhün və terrorizmə qarşı mübarizənin də təminatçısı rolunu oynayır. İmzalanmış sənəddə bəzi müqavilə və əməkdaşlıqlara dair anlaşmalar əsas tutulub. Bunlar içərisində, daha öndə vurğulanan və diqqət çəkəni isə 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsidir.

No description available.

Qars müqaviləsinə gedən yol: tarixi uzlaşma

 

Baxmayaraq ki, meydanlarda böyük qələbələr qazanmışdı, amma masada Türkiyə hökumətinə qarşı Avropa dövlətlərinin ikrah hissi soyumurdu. Məcburən qəbul etdirilən Sevr müqaviləsindən sonra bircə əlac Rusiya Sovet hökuməti və Cənubi Qafqaz Sovet hökumətlərinin dəstəyini alıb, sərhədləri təsdiqləmək idi.

 

Bu zaman ABŞ, İngiltərə və Rusiya Naxçıvan və Zəngəzuru Ermənistana vermək istəyirdi. Ermənilər isə şərqdə Qarabağın dağlıq hissəsini və Ani xarabalıqlarını da tələb edirdilər. Daşnakların Türkiyə sərhədində apardıqları terrorizm hərəkətlərinə qarşı Türkiyə komandanlığı tərəfindən xüsusi ordu göndərildi və 1920-ci ilin  24 sentyabrdan 18 noyabr tarixinədək bütün sərhədboyu ərazilər terrorçulardan təmizləndi.

 

Həmin ilin 2 dekabr tarixində Ermənistan Sovet hökuməti ilə Ankara hökuməti arasında Gümrü müqaviləsi bağlandı. Daşnaklar Türkiyədəki torpaqlara olan iddialarından əl çəkdilər. Bundan sonra Azərbaycan, xüsusən də Naxçıvan məsələsini həll etmək üçün Mustafa Kamal Paşa və Nəriman Nərimanov arasında yaxınlaşma baş verdi. Behbud Şahtaxtinskinin vasitəçiliyi ilə diplomatik danışıqlar Moskvaya kimi getdi. Nəhayət, bir ay çəkən danışıqlardan sonra, 1921-ci il mart ayının 16-da RSFSR ilə Ankara hökuməti arasında Moskvada “Dostluq və qardaşlıq haqqında” müqavilə bağlandı.

 

Qeyd: Moskva müqaviləsi haqqında yazımızda geniş məlumat vermişik.

 

1921-ci ilin ortalarında Rusiya SFSR Cənubi Qafqazda sovetləşmə həyata keçirirdi. Lakin Moskva müqaviəsindən sonra mübahisəli ərazilərin və məsələlərin qalması həm də Türkiyəni narahat edirdi. Ankara hökuməti hər üç  Cənubi Qafqaz ölkəsi ilə ayrı-ayrılıqda müqavilə bağlamaq niyyətində ikən, Rusiya üçünün birlikdə Türkiyə hökuməti ilə müqavilə bağlamasını təklif edirdi. Bu zaman Ermənistanın Moskvada bağlanan müqaviləyə dönük çıxması, Naxçıvan məsələsini yenidən gündəmə gətieməsi AKP MK-ni narahat edirdi. Xalq-fəhlə kəndli nəzarəti komissarı B.Şahtaxtinski N.Nərimanovun da dəstəyini alaraq, Naxçıvan məsələsindən narahat olduqlarını Moskvaya yazırdı.

 

Tərəflərin danışıqları nəticəsində Rusiya SFSR-in nümayəndəsinin vasitəçiliyi ilə 1921-ci ilin 26 sentyabrında Qars şəhərində Türkiyə hökuməti ilə Cənubi Qafqaz respublikaları arasında danışıqlara başlanılması qərara alındı. 26 avqust tarixində Nəriman Nərimanovun təklifi ilə Behbud Ağa Şahtaxtinski Azərbaycanı həmin konfransda təmsil etmək üçün nümayəndə heyətinin rəhbəri seçildi.

 

Lakin mərkəzdə olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan və digərləri təkidlə Nərimanovdan Şahtaxtinskinin tədbirə gedəcək nümayəndə heyətinin rəhbərliyindən alınmasını tələb edirdilər. Nərimanov isə Şahtaxtinskinin mövqeyini gücləndirmək üçün Naxçıvan Xalq Komissarları Sovetinin rəhbəri Tağı Səfiyevi də həmin konfransda iştirak üçün səlahiyyətləndirdi.

 

1921-ci ilin 26 sentyabrında Qars konfransı öz işinə başladı. Əsas tərəflərdən olan Türkiyə hökumətini Kazım Qarabəkir Paşa, Rusiyanı isə Yakov Qanetski təmsil edirdi. Konfrans start götürdüyü gündən 13 oktyabr tarixinədək gərgin və qarşılıqlı tələbetmə formasında keçdi. Rusiya tərəfi qətiyyətlə bildirirdi ki, müqavilə ayrı-aqyrılıqda deyil, vahid surətdə bağlansın və V.İ.Lenin təsdiqlədikdən sonra qüvvəyə minsin. Bununla Cənubi Qafqaz respublikalarının heç bir səlahiyyəti olmadığını sübut etmək niyyətində idi.

 

Nəhayət 13 oktyabr 1921-ci ildə Qarsda Cənubi Qafqaz respublikaları və Ankara hökuməti arasında müqavilə bağlandı. Müqavilədə 20 maddə və 3 əlavə öz əksini tapdı. Maddələrin böyük əksəriyyəti Moskva müqaviləsinin maddələrini bir daha təsdiq edirdi. Əlavələrdə qeyd olunurdu ki, Qars müqaviləsi ilə qeyri-bərabər müqavilələr, zorla qəbul etdirilən sənədlər və Sevr müqaviləsi qəbul olunmur.

No description available.

Naxçıvan və 5-ci maddə

 

Müqavilənin 5-ci maddəsi Naxçıvan məsələsinə həsr olundu. Burada Moskva müqaviləsindən fərqli bəndlər də əlavə edilmişdi ki, bu da muxtariyyət statusu məsələsi ilə bağlı idi. Vurğulanırdı ki, Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri razılığa gəlir. Müqavilənin 3-cü əlavəsində Naxçıvanın ərazisi və sərhədləri təsbit edilirdi ki, bu da aşağıdakı kimi idi:

 

Urmiya kəndindən başlayaraq düz xətt ilə Arazdəyən stansiyasına (Bu stansiya Ermənistana verildi), düz xətt ilə Daşburun dağının qərbinə, dağın suayırıcısı, Cəhənnəmdərəsi çayı, bağırsaq dağının suayırıcısı, Rod bulağının cənubundan keçərək, Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə irəliləyərək, 6629 yüksəkliyindən Kömürdağa, 3080 yüksəkliyinə, Sayatdağa, Qurdqulaq kəndinə, Həməsür dağına, Küküdağa və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinə kimi uzanırdı.

 

Beləliklə, müqavilədə Naxçıvan məsələsi birdəfəlik öz həllini tapdı. Müqavilə müddətsiz olaraq bağlandı və imza atan tərəflərdən hər hansısa biri onu ləğv etmək səlahiyyətinə malik deyildi. 1922-ci ilin mart-iyul ayları arasında növbə ilə müqaviləni imzalamış tərəflər öz qanunverici orqanlarında onu təsdiqlədi və həmin ilin 11 sentyabr tarixində Qars müqaviləsi qüvvəyə mindi. Bundan sonra Naxçıvan Azərbaycanın tərkibində Sovet Sosialist Muxtar Respublikası statusu aldı.

 

Qars müqaviləsinin pozulması, Naxçıvana qəsb!

 

SSRİ mərkəzində ermənilərin apardıqları qəsbetmə siyasəti nəticəsində 1929-1932-ci illər arasında qanunsuz olaraq, Qars müqaviləsinə tərs olmasına baxmayaraq, Azərbaycan SSRİ-nin də “razılığı ilə” Naxçıvanın bir sıra kəndləri, ümumilikdə 657 kv.km ərazi Ermənistan SSRİ-yə verildi. Onlardan Qurd Qulaq, Horadiz, Ağbinə, Almalı, Dağ Almalı, Ağxaç, Xaçik, Kilit, Sultanbəy, İtqıran, Qərçivan sovetliyinə daxil olan Buğakər, Meğri kəndlərini misal çəkmək olar. Lakin bununla da kifayətlənməyən erməni silahlı birləşmələri 1990-cı ildə Şərur rayonunun Kərki kəndini də işğal etdilər. Bununla da beynəlxalq müstəvidə qəbul olunmuş Qars müqaviləsinin bəndlərində yer almış Naxçıvanın ərazi bütövlüyünün 15%-i işğal olundu.

 

Təhlil

 

Beləliklə, Şuşa Bəyannaməsində Qars müqaviləsinin əsas götürülməsi dərin siyasi zəkanın məhsuludur. Çünki həm Moskva, həm də əlavələrlə onu təsdiq edən Qars müqaviləsi beynəlxalq hüquq müstəvisində hələ də qüvvədə olan və tanınan müqavilələrdir.

 

Zamanla ermənilər tərəfindən bu müqavilənin şərtləri pozulsa da, müqavilələr qüvvəsini itirmədi. Ona görə də Azərbaycan müqavilədən sonra Naxçıvanın ərazi bütövlüyündən qəsb edilmiş kəndləri, yəni 15% ərazini geri qaytarmaq hüququna malikdir. Şuşa Bəyannaməsi ilə bu hüquq bir daha möhkəmləndirildi və dünyanın diqqətinə çatdırıldı, Ermənistana xatırladıldı. Çünki Azərbaycan üçün Naxçıvan, Zəngəzur  məsələsi tək etnik xarakter daşımır, bu bölgələrin tarixi-mədəni keçmişi də əsas götürülür.

 

Bununla da, Kazım Qarabəkir Paşanın “Şərqin qapısı” , Atatürkün isə “Türk qapısı” adlandırdığı Naxçıvan Muxtar Respublikası yenidən bölgəmiz üçün mühüm qapı olacaq. Şərqlə Qərbi birləşdirən bu qapının açarı isə Türkiyə və Azərbaycanın əlindədir.

Müəllif: Şəhla Cabbarlı