Məhv edilən Məhəmməd Rza Zahedi barədə bəzi təfərrüatlar məlum olub
İsrailin Suriyaya zərbələri nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Rza Zahedi barədə bəzi təfərrüatlar məlum olub. AYNA xəbər verir ki, bu barədə Amerikanın “Al-Monitor” analitik saytı yazıb.
Portal İsrail kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb ki, Zahedi Suriya və Livandakı “Sepah-e-Qods” xüsusi təyinatlılarının komandiri olub, "Hizbullah" lideri Nəsrullah ilə hər şeyi koordinasiya edirmiş. O HƏMAS və digər təşkilatların silah təchizatı, qüvvələrin yerləşdirilməsi, hücumların planlaşdırılmasına cavabdeh olub.
Qeyd edək ki, aprelin 1-də Suriya mediası İranın Dəməşqdəki səfirliyinə bitişik binaya hava zərbəsi endirilməsi barədə məlumat yayıb. Nəticədə SEPAH-ın Suriya və Livandakı “Sepah-e-Qods” xüsusi təyinatlılarının komandiri Məhəmməd Rza Zahedi məhv edilib.
Daha sonra SEPAH Zahedi və daha 6 iranlı zabitin məhv edildiyini təsdiqləyib.
Eyni zamanda, Təl-Əviv İsrailin hücumuna məruz qalan binanın İran səfirliyinə aid olmadığını, zərbələrin “Sepah-e-Qods” hərbi obyektinə endirildiyini açıqlayıb.