Surət Hüseynov kimdir: Milli Qəhrəman, “qiyamçı polkovnik”, “beçinci kolon”, yoxsa…

Aktual

01.08.2023 - 17:51

Keçmiş Baş nazirin haqqında bilinən və bilinməyən məqamlar

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun mədəsində deşilmə yarandığı və bu səbəbdən başlayan qanaxma nəticəsində həyatını itirdi söylənilsə də, köməkçisi Könül Rafiqqızı fərqli iddialarla çıxış edir.

Onun sözlərinə görə, Hüseynovun heç bir xəstəliyi olmayıb, amma bir il öncə Türkiyədə “taqətdən düşəcəq qədər zəifləməyə” başlayıb: “Bizə məlum olmayan səbəbdən bir il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istər Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”.

Sürət Hüseynov kimdir?

Gəncə şəhərində anadan olan 64 yaşlı Surət Davud oğlu Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Azərbaycan Respublikası Baş nazirinin müavini, Baş nazir, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri olub.

1977-ci ildən 1979-cu ilə qədər sovet ordusunda xidmət edib. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası Baş nazirinin müavini və Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb.

Keçmiş Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən, Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və Hüseynov korpusun komandanı təyin edilib. 1992-ci ilin oktyabrında ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Gəncədən başlayan hakimiyyət çevrilişi – Hüseynov kimə xidmət edirdi?

1993-cü ilin iyununda Surət Hüseynovun rəhbərliyi ilə AXC iqtidarına qarşı qiyam başladı. Hərbi uğursuzluqlar və ordudan kənarlaşdırılmasına qəzəblənən Hüseynov doğulduğu Gəncə şəhərində bir qrup polisi silanlandırıb, onları tərkisilah etmək üçün göndərilən Milli Ordu qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəlilədi.

Hələ 1993-cü ilin fevralında Prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Lakin bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi. Ona Yevlax Yun Zavoduna rəhbərlik təklif edilsə də, Hüseynov bundan qətiyyətlə imtina edirdi.

Gəncə qiyamı ilə ölkədə dərin xaosun əsas qoyuldu. Cənub zonasında Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaratdığını bəyan etdi. Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar və Salyan rayonlarında hakimiyyətin zorla ələ keçirilməsinə cəhdlər oldu, yerli icra başçıları, onların ailə üzvləri, rayon məmurları işgəncələrə məruz qalırdı.

Hümbətov cənub rayonlarında alternativ hökumətlər formalaşdırırdı. O, açıq şəkildə bildirirdi ki, bu rayonlar müstəqil və ayrıca dövlətin tərkibində olmalıdır. Hətta “Cənub” televiziyasını belə, öz nəsarətinə almış, saxta və qanunsuz yollarla özünü “Talış Muğan Respublikası”nın prezidenti elan etmişdi.

Bütün bunlar isə Gəncə qiyamı ilə eyni vaxtda baş verirdi. AXC iqtidarı və o zamankı Prezident Əbülfəz Elçibəy müqaviməti yatıra bilmir və aciz durumda qalırdı. Məhz belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Buna qədər isə Milli Məclisin sədri İsa Qəmbər, Baş nazir Pənah Hüseyn istefa vermişdilər.

1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi. İyun ayının 17-dən 18-nə keçən gecə isə Prezident Əbülfəz Elçibəy konfendensial şəraitdə Bakını tərk etdi və doğulub boya-başa çatdığı Naxçıvanın Kələki kəndinə üz tutdu.

İlk günlərdə o, hakimiyyəti Kələkidən idarə edəcəyini söyləsə də, parlament onu istefaya göndərdi. Prezident səlahiyyətlərinin icrası isə Azərbaycan Parlamentinin sədri Heydər Əliyevə dövr edildi. Heydər Əliyev çətinliklə də olsa, Gəncə, Cənub və digər qiyamların qarşısını aldı.

Yun zavoduna getmədi, Baş nazir oldu, amma qiyam dayanmadı...

Sürət Hüseynov 1993-cü ilin iyun ayında Baş nazir təyin edildi. 1994-cü ilin sentyabrında Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”ndən sonra Sürət Hüseynov və o dövrdə daxili işlər nazirinin müavini olan Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhdlər göstərildi. Onlar silahlı basqın yolu ilə Gəncə şəhərində İcra Hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Rövşən Cavadov məsləkdaşları ilə birlikdə hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı.

Prezident Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət edərək, yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına yüzminlərlə insan toplaşdı. Bu mitinqdən sonra, oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi keçirildi.

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclisin üzvlüyündən, oktyabrın 7-də isə Baş nazir vəzifəsindən uzaqlaşdırıldı. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul etdi.

Bununla da Sürət Hüseynovun məmur həyatı başa çatdı və o, gizli yollarla Bakını tərk etdi. 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirildi və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edildi. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxdı. Azadlığa çıxandan sonra Moskvaya köçən Hüseynovun orada biznes fəaliyyəti ilə məşğul olduğu, geniş imkanlara malik olduğu iddia edilir.

Mətbuata müsahibəsi zamanı isə ziddiyyətli açıqlamalar verərək, Gəncə qiyamı zamanı məqsədinin Prezident Əbülfəz Elçibəyi devirmək yox, iri ranqlı məmurları istefaya göndərmək olduğunu söyləyirdi. Yəni, dolayısı ilə müasir dövrün “Priqojini” olduğunu vurğulayırdı.

Sürət Hüseynov artıq yoxdur: o, necə xatırlanacaq?

Sürət Hüseynovun dövləti cinayət törətməsi qanunla, məhkəmə qərarı ilə öz təsdiqini tapıb. Məhz bu əməlinə görə ömürlük azadlıqdan məhrum edilmişdi. Onu ittiham edənlər həddindən artıq çoxdur. Onların iddiasına görə, Hüseynov yenicə müstəqillik əldə edən ölkəmizi parçalamağa çalışır, “beşinci kolon”un mənafeyini qoruyurdu.

Əslində, onun Baş nazir vəzifəsindən azad edildikdən sonra Rusiyaya sığınması, həbsdən çıxandan sonra orada çoxvektorlu biznes fəaliyyəti ilə məşğul olması Moskvadan himayə olunduğuna dair şübhə yeri qoymur. Lakin bununla yanaşı, Hüseynovun fəaliyyətinə haqq qazandıranlar da olmamış deyil.

Misal üçün, 2017-ci ilin avqust ayında mətbuata müsahibə verən mərhum Prezident Ayaz Mütəllibov sabiq Baş nazir Surət Hüseynovun səs-küylü açıqlaması ilə bağlı fikirlərini bildirib. Deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar: “Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil: Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu, necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var”.

Sürət Hüseynov ömrünün 64-cü ilində həyata vida dedi. Qalmaqallı və sirlərlə dolu həyatı ölümündən sonra da onu tərk etmədi. Dünyasını dəyişdiyi xəstəxanadan ölüm səbəbi ilə bağlı rəsmi açıqlama olsa da, köməkçisi onun zəhərlənməsindən şübhələndiyini iddia edir.

Bir ömür də belə bitdi. Lakin bir fakt var ki, kimin nə deməsindən asılı olmayaraq, Sürət Hüseynov dövləti təhdid yolunu seçmişdi və bu “xidmətləri” heç zaman unudulmayacaq!

Müəllif: Azər Niftiyev