“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq

Mədəniyyət

12.01.2022 - 23:29

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib

Adəmdən üzü bu yana hələ bir mövzu olmayıb ki, insanlar onun barəsində yekdil və tam həmrəy olsunlar. Hətta bütün səmavi dinlər də birmənalı şəkildə iddia edir ki, ilk insanın – Adəmin övladları belə, ümumi məxrəcə gələ bilməyiblər, nəticədə yer üzündə ilk qətl törədilib - Qabil Habili qanına qəltan edib.

Əgər belə bir vəziyyət bəşəriyyətin lap gündoğan dövründə hökm sürübsə, indiki zəmanədəki durumu  təsəvvür etmək olar. Odur ki, heç bir məsələ ətrafında vahid fikir yaranmasını gözləmək sadəlövhlükdən savayı bir şey olmazdı. İstənilən iş, istənilən fəaliyyət tənqidə tuş gəlməlidir, mütləq bir ağız büzən olacaq. Bu, normal haldır. Amma tənqiddən də tənqidə fərq var...

Sovet dövründə komediya və estrada janrında parlayan bir cütlük var idi – Şirvindt və Derjavin. Onların bir səhnəciyində qəti yumor hissindən məhrum şəxsin obrazını canlandıran Derjavinə tərəf müqabili lətifə danışırdı: “Bir dəfə Nil çayı ilə timsah üzür, pəncəsində də 10 rubl...” “Ciddi adam” Şirvindtin sözünü kəsirdi: “Bir dayan! Misir səhrasında yaşayan timsah sovet pulunu necə tapıb axı...”.

Bu səhnəcik son günlər sosial şəbəkələrdə artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmış Əlixan Rəcəbovun təqdim etdiyi son işi – “Sonuncu şam yeməyi” qısametrajlı filmin müzakirələri zamanı yazılanlarla tanış olduqdan sonra xatirəmdə canlandı. Filmi başdan sona qədər danışmaq fikrində deyilik, çoxları da bəlkə izləyiblər. Qısaca olaraq bircə onu deyək ki, Əlixan ürək sözlərini, qəlbindəkiləri cəmiyyətə çatdırmaq üçün bu dəfə dəfn mərasimini və bu mərasim ətrafında cərəyan edən hadisələrin satirik təqdimatını seçib.

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib. Bir qisim insanlar isə ümumiyyətlə filmi tam fərqli müstəvidə, eyni ilə yuxarıda xatırlatdığımız “ciddi insan” kimi anlayıblar. Xüsusən də narazı qalan kütləni Əlixanın yas mərasimlərinə və dəfn ənənəsinə sarkastik baxışı hiddətləndirib. Bəs konkret olaraq nə?

Məsələn, Əlixana irad tuturlar ki, nə üçün ölünü yuyan mürdəşir mərhumun oğlundan 150 manat tələb etdi? Axı, əslində bu dövlət rüsumu daha az məbləğdir. Qəribədir, deyilmi? Misir səhrasındakı timsahın pəncəsindəki əsginasa irəli sürülən iradı xatırlatmırmı? Və yaxud Əlixanın mollanı yumoristik çalarlara bürüməsi. Məgər fırıldaqçı, pulgir, məclisi birtəhər yola verib aradan çıxan din xadimi azmı görmüşük?

Başqa bir məqam. Gənclərin dəfn zamanı, daha sonra isə mərhumun qırx məclisində zarafatlaşmaları, kənar söhbət edərək mollanı dinləməmələri bəzilərini əsəbiləşdirir. Niyə? Məgər yas mərasimlərinin böyük əksəriyyətində mollanı dinləyən olur ki? Ya mərhuma heç bir yaxınlıq və qohumluğu çatmayanların zarafatları yenilikdir?

Və son olaraq daha bir irada nəzər salaq. Əlixanın yazdığı ssenaridə mərhumun vəsiyyətinə uyğun olaraq onun cənazəsinin yanında meyxana deyilir. Bu da bəziləri tərəfindən həm mərhuma, həm də ümumiyyətlə ənənələrimizə hörmətsizlik hesab edilib. Çox nahaq! İnternetdə sadə axtarış nəticəsində sazla, vağzalı ilə edilən neçə-neçə dəfnlərin kadrlarını izləmək mümkündür. Axı Əlixan bunu həyatın içindən götürüb! Düzdür, meyxana olmayıb. Hələ ki! Amma Əlixan da axı sənədli film çəkməyib.

Bir məsələyə də xüsusi diqqət çəkmək istərdik. “Sonuncu şam yeməyi”ndə yumor, satira, ironiya, sarkazm müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına aid insanlara tətbiq edilib. Amma ümumilikdə nə dini, nə əxlaqi, nə mənəvi, nə tarixi irsimizə və dəyərlərimizə toxunulub. Tənqid oxlarına onlar yox, fərdlər, ümumən cəmiyyət tuş gəlib.

Filmin əsas ismarıcına gəldikdə isə... Epizodların birində Əlixanın qəhrəmanı “40 gün necə gəldi keçdi, heç bilmədim” söyləyir. Cavabında isə sevimli aktyorumuz Şamil Süleymanovun ifasında izlədiyimiz qoca dillənir: “40 il necə gəldi keçdi, bilmədim”.

Demək olar ki, bu, filmin kulminasiya nöqtəsidir. Bütün zarafatlar, yumor, sarkazm 52 dəqiqəlik filmdə tamaşaçılara məhz bunu çatdırmaq üçün səfərbər edilib: “Dünya fanidir, zaman sürətlə ötüb keçir. Bütün çalışmalar, dünya malını qazanmaq üçün bütün fırıldaqlar bir gün heç olacaq, hər şey bu dünyada qalacaq. İnsan isə bu dünyaya necə əliboş gəlmişdisə, elə də əliboş torpağın altına gedəcək. Tək-tənha! Elə isə bu dünya üçün bu cür hoqqalardan çıxmağına dəyərmi?”.

P.S. Əlbəttə ki, zövqlər fərqli olur və zövq haqqında mübahisə məhsuldarlığı çox aşağı olan bir əməldir. Amma hər halda, istənilən tənqidi söylədikdə əndazəni gözləmək, ən azından qarşı tərəfin də arqumentlərinə qulaq vermək, vicdanın səsini dinləmək lazımdır. Dünya axı fanidir. İstənilən şam yeməyi sonuncu ola bilər...   

Müəllif: Polad Xudayarlı

Ramanada faciə

Dünən, 17:26 Hadisə