İş adamı həmçinin “enerji şirkətlərinə rüşvət verdiyinə görə” 8,4 milyon rubl cərimələnib
Sahibkar və Smolensk vilayəti Milli Konqresinin lideri Faiq Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. AYNA.AZ "Smolnarod" saytına istinadən xəbər verir ki, o cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
İş adamı həmçinin “enerji şirkətlərinə rüşvət verdiyinə görə” 8,4 milyon rubl cərimələnib.
Smolensk şəhərinin Leninski rayon məhkəməsi müəyyən edib ki, Faiq Əliyev “Prestij” restoran-mehmanxana kompleksinin faktiki elektrik xərclərini gizlətmək üçün enerji şirkətlərinə rüşvət verib. Məhkəmə rüşvətin 846 500 rubl təşkil etdiyini təsdiqləyib. Elektrik enerjisi üzrə borclar demək olar ki, 994.000 rubl təşkil edib. Cinayət 13 mart 2020-ci il və 6 dekabr 2024-cü il tarixləri arasında törədilib.
Sahibkarın vəkili hökmdən Smolensk vilayət məhkəməsinə şikayət vermək niyyətindədir. F.Əliyevin vəkillərlə yanaşı, ictimai müdafiəçiləri də olacaq. Onların arasında Smolensk vilayətinin Vətəndaş Palatasının Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının sədri Yelena Ulyanenkova da var.
E.Ulyanenkova F.Əliyevi vicdanlı və ləyaqətli insan kimi xarakterizə edib: "Mən 28 ildir ki, onunla dövlət işlərində çalışmışam və onu vicdanlı və ləyaqətli bir insan kimi tanıyıram, bir çox insanlara köməklik edib. 2014-cü ildə o qaçqınlara yardım edib. Ehtiyacı olanlara təmənnasız yardım göstərilməsinə minlərlə misal göstərmək olar. 28 ictimai təşkilatın daxil olduğu Milli Konqres üzvlərinin bir komandası var və maaşını ödədiyi gənclərə də yardım edib”.