Robert Fiko: “Ukrayna Aİ-yə daxil olmaq üçün bütün meyarlara cavab verməlidir”
Slovakiya Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləyib. AYNA xarici mediaya istinadən bildirir ki, Slovakiyanın Baş naziri Robert Fiko Berlində Almaniya kansleri Olaf Şolsla birgə mətbuat konfransında Kiyevin İttifaqa üzvlüyünü dəstəklədiyini təsdiqləyib.
“Biz Ukraynaya kömək etmək istəyirik. Biz Ukraynanın Avropa İttifaqına daxil olmasının tərəfdarıyıq”, - Slovakiya hökumətinin başçısı bildirib.
Baş nazir onu da vurğulayıb ki, Ukrayna Aİ-yə daxil olmaq üçün bütün meyarlara cavab verməlidir: “Çünki hazırlıqsız ölkə bloka faydadan çox çətinliklər yarada bilər”.
Bundan əlavə, siyasətçinin fikrincə, fevralın 1-də keçiriləcək sammitdə Avropa İttifaqı da Kiyevə milyardlarla yardımın ayrılması ilə bağlı razılığa gələ biləcək.
Qeyd edək ki, bundan əvvəl Fiko Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını bildirmişdi. Baş nazir bunun “Üçüncü Dünya müharibəsinin əsası” olacağını vurğulamışdı.