Sizi heç zaman unutmayacağam...

Cəmiyyət

07.03.2020 - 01:42

Həkimlər Klinikalar SEO Xidməti

“Ağlama, ana! İnşallah bir gün qalib olarıq”

 

Vətən səngərdən başlayır, deyiblər. Buz kimi soyuq, dağlar təki əzəmətli, qala kimi hündür səngərdən. Bəzən səngər elə soyuq olar ki, əlin tutub canını isidəcək bir stəkan çayı ağzına apara bilməzsən. Bunu səngərdə Vətən qoruyan oğullar daha yaxşı bilir. Bəzən oda-alova dönər səngər. Düşmənin öldürücü snayperindən qopan mərmilər səngərdə canını yaxar. Nakam canını, cavan  canını yandırıb-yaxar. Zaman-zaman yadelli işğalçılardan torpaqlarımızı qorumaq uğrunda mərd oğullarımız səngərdə, dağlarda, sıldırım qayalarda yatıblar. Buz kimi torpağı yastıq, xəfif əsən mehi ocaq, bəyaz qarı yorğan biliblər. Bax insan o anda daha yaxşı dərk edir Vətənin toxunulmaz, əvəzsiz varlıq olduğunu. 


Nəsil-nəsil elə qorxmaz oğullarımız bu Vətən uğrunda can fəda etdilər ki...


Son vaxtlar doğulub boya-başa çatdığım Qazax rayonunun düşmənlə üzbəüz mərd dayanan Quşçu Ayrım kəndindən əsgərlərimizin ölüm xəbərini eşidirik. Hər dəfə qaysaq bağlamaq istəyən yaramız yenidən qanayır. Evdə oturub zar-zar ağlayıram. Balaca qızım mənə baxıb ağlayır, böyük qızım isə əlini kürəyimə qoyub; “Ağlama, ana! İnşallah bir gün qalib olarıq”, deyə mənə təsəlli verməyə çalışır. Ancaq onlar bilmir ki, məni göynədən nədir? Zaman-zaman itirilmiş torpaqların ağrısı bir yandan, mirzə-igid oğulların itkisi bir yandan. Yağı tapdağında qalan torpaqlarımızın qulağıma gələn harayı bir yandan. Mən necə rahat olum?! Mən necə ağlamayım axı?  Dünən atalarımız şəhid oldu, bu gün qardaşlarımız şəhid olur!!! İstəmirəm bu ağrı sonraya qalsın.


Dünən şəhid olan Orxan Paşazadənin dəfnindən olan video kadrları izlədim. Bir kişinin tabutun qarşısında qol qaldırdığını, qollarını havada yellədiyini, başına döydünü  gördüm. Bilmədim o insan  kim idi. Həmin insan sanki fələyə üsyan edirdi. “Dərddən oynamaq” ifadəsini eşitmişdim. Həmin insanın qollarının havada hərəkət etməsinə fikir verdikcə başa düşdüm ki, dərddən oynamaq nə demək imiş. Heç kim dərddən oynamasın, İlahi!


Orxan ingilis dili müəllimi ixtisasını bitirib. Gələcəyin müəllimi olacaqdı. Müəllim olmaq ona qismət olmadı. Orxan ailə qurub oğul-uşaq sahibi, ocaq sahibi olacaqdı. Ailə sahibi ola  bilmədi. Orxan ata-anasının arxa-dayağı olacaqdı. Ata-anasına da arxa-dayaq ola bilmədi. Orxan Vətənin dayağı oldu. Qaranlıq bir gecədə, səngərdə üstünə yağan mərmilərdən qorxmadı. Son anında Vətən Orxana oğul dedi. Orxan, sənin üçün öləcəyəm, can Azərbaycan söylədi! Orxan Vətənə ana deyərək, başını torpağın şəhid qucaqlamağa adət etmiş dizlərinə söykədi. Torpaq dizləri üstündə can verən Orxanı sığalladı, qucaqladı, qoynuna aldı. Azərbaycan ordusu bir əsgərini itirdi. Biz bir vətəndaşımızı itirdik. Azərbaycan təhsili gənc bir müəllimini itirdi. Orxanın ata-anası isə dünyalarını itirdilər! 

 

Dünən Vətən qazandı! Dünən torpaq Orxan kimi qəhrəman oğul qazandı!


Bilirsiniz nə fikirləşirəm? Görəsən son günlərdə Quşçu Ayrım kəndində şəhid olan İbrahim Vəliyevin valideynləri, Orxan Paşazadənin valideynləri Qazax adını eşidəndə ilk ağıllarına gələn nə olacaq? Onlar Qazax haqqında hansı düşüncədədirlər? Hər iki əsgər ömrünün son günü adını QƏHRƏMAN kimi tarixə yazdı.  Qəhrəman adı onların taleyinə Qazaxda yazıldı. İnanıram ki, onların valideynləri Qazax adını eşidən an ağıllarına gələn ilk cümlə bu olacaq: Qazax – Qəhrəmanlar diyarı!


SÖZARDI: Mənim dünyaya göz açıb, böyüyüb boya-başa çatdığım Qazax mahalında vətən uğrunda can verən qəhrəman oğullar, sizi heç zaman unutmayacağam. Axı qəhrəmanlar unudulmur!

 

Şəhid ruhlarına ehtiramla: Səbinə Yusif

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş