“Bu, qüdrətli dövlət yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir”
Şimali Koreya kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir və bu il orbitə bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Şimali Koreya Dövlət Kosmik Administrasiyasının direktor müavini Park Kyunq-su deyib.
“Keçən il “Mulligan-1” kəşfiyyat peykinin orbitə uğurla buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu il daha çox peykin buraxılması gözlənilir”, - deyə o bildirib.
Park Kyunq-sunun sözlərinə görə, kosmik sənayenin inkişafı Şimali Koreya üçün çox vacibdir: “Çünki bu, qüdrətli dövlət yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir. Şimali Koreya mühəndisləri və alimləri öz bacarıqları sayəsində böyük tədqiqat layihələrində irəliləyişə nail olublar”.
Qeyd edək ki, 21 noyabr 2023-cü ildə Şimali Koreya ilk kəşfiyyat peyki “Mulligan-1”i orbitə buraxdı. Sınaq əməliyyatı çərçivəsində peyk Ağ Evin, Pentaqonun, həmçinin ABŞ, Cənubi Koreya və Yaponiyadakı bəzi hərbi obyektlərin görüntülərini ötürüb.
Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin dekabrında Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin iclasında daha üç kəşfiyyat peykini orbitə buraxmağı qarşıya məqsəd qoyduğunu açıqlayıb.