Əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması halları artıb
Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.
İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 1800-dən çox obyektdə monitorinq aparılıb.
Əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müsbət hal kimi qiymətləndirilə bilər. Maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi 2 dəfəyədək yüksəlib. Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Bunlar, əsasən məkan sahiblərinin şənlik mərasimlərini “icaze.e-gov.az” portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollar arasında məsafə məhdudiyyətinin pozulmasıdır. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 217 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 22,3 minədək şəxsin sənədlərində nöqsanlar aşkarlanıb.
Növbəti monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Nümunəvi toy mərasimlərinin təşkil olunduğu məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilib. Tədbirlərin təşkili zamanı vətəndaşlar tərəfindən karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirilməlidir. Bu, hamımızın sağlamlığının qorunması üçün vacib şərtdir.