“Şəkillərini yaymaq olar ki, utansınlar”

Cəmiyyət

19.05.2020 - 13:33

Karantin aliment problemini dərinləşdirəcək

 

Boşanma ərəfəsində uşaq valideynlərdən birinin yanında qalır, amma bu, o demək deyil ki, ikincisi uşağının həyatından geri çəkilə bilər və uşağın həyatında heç bir rolu olmamalıdır. Heç kim valideyni öz uşağı ilə vaxt keçirməyə məcbur edə bilməz, bu, könüllü olan bir məsələdir, ancaq qanunla uşağın həyatında maddi olaraq iştirak etməyə borcludur. Ölkəmizdə əksər hallarda uşaq ananın yanında qalır və ata aliment ödəyir. Ancaq atalar da hər zaman aliment ödəməyə hazır olmurlar.

 

Ədliyyə Nazirliyinin məlumatına görə, 2019-cu ildə yerli icra məhkəmə qərarlarının icrası ilə məşğul olan qurumların əlində aliment tutulması ilə əlaqəli 92350 icra sənədi olub. Bu müddətdə 2011 nəfər aliment ödəmədiyi üçün inzibati qaydada həbs edilib. Ötən il aliment borcları ilə əlaqədar 3509 nəfər axtarışa verilib. 2019-cu ilin sonundan aliment borcu ilə əlaqəli 80673 iş açıq qalıb.

 

Mövcud vəziyyət ətrafında AYNA-nın suallarını Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov cavablandırıb:

 

- Eldar müəllim, aliment ödəməyən valideynləri hansı cəza gözləyir?

 

- Məhkəmə boşanma zamanı və ya valideynlərdən birinin tələbi ilə qarşı tərəfə ya qazanc payı (25-50%) olaraq təyin edilmiş müəyyən bir məbləğ və ya sabit pul məbləğində aliment təyin edir. Bütün məhkəmə qərarları kimi, alimentlə bağlı verilmiş qərardan da şikayət verilə bilər, lakin qanuni qüvvəyə mindikdən sonra cavabdeh üçün məcburi olur. Aliment ödəyən şəxs qərarın icrasından yayındığı təqdirdə, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 2-4 min manat məbləğində cərimə oluna və ya 320-480 saat müddətinə islah işləri ilə, yaxud daa 2 ildən 3 ilədən müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Чем больше давления со стороны Запада, тем ближе к российскому ...

- Sizcə, niyə çoxları məsuliyyətdən yayınmağı bacarırlar?

 

- Cinayət Məcəlləsinin 306-cı maddəsinin tətbiqində iki əsas problemi qeyd etmək olar. Birincisi, icra məmurunun cavabdehi fiziki olaraq tapması lazımdır. İndi insanlar illərdir, kirayədə mənzillərdə qeydiyyatsız yaşayır, başqalarının adlarına olan telefon nömrələrindən istifadə edirlər deyə, onları tapmaq o qədər də asan deyil. Üstəlik, bir çox vətəndaşlarımız uzun illərdir, Respublikadan qıraqda, yəni Azərbaycanın yurisdiksiyasından kənarda (əksər hissəsi Rusiyada) yaşayırlar. Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım göstərilməsi barədə razılıq olsa da, praktikada heç kim orada alimentdən qaçan azərbaycanlı ilə məşğul olmur. Təsəvvür edin, 2019-cu ilin ilk yarısında Rusiya Federasiyasında alimentlə bağlı 1,2 milyon işə dair qərar çıxarılıb və hər il, təxminən 100 min nəfər Rusiya vətəndaşı bu iş üzrə axtarışa verilir.

 

Səlahiyyətlilərin istifadə etdikləri başqa bir üsul daha təsirli olur. Alimenti ödəməyən şəxsin Azərbaycandan getməsi qadağan edilir və bir daha Azərbaycana daxil olduqda, borcu ödəməyincə azadlığa buraxılmır. Nə zamansa, bir gün Azərbaycana gəlməli olurlar: Rusiya Federasiyasında yaşayış müddəti və ya şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda, yaxın qohumlarının dəfninə və s. O zaman qeyd etdiyim cəza ilə üzləşirlər.

 

Ancaq cavabdehin harada olduğunu müəyyənləşdirmək işin yarısıdır. Bir insanın ödəmə qabiliyyətinə sahib olduğunu, lakin şüurlu şəkildə ödəmədiyini sübut etmək lazımdır. Çünki alimentin ödənilməsi onu ödəyənin işinin olmasına bağlıdır. Bununla yanaşı, kimsə “kölgə iqtisadiyyatı” sektorunda çalışa bilər ki, reallıqda qazancı olar, amma dövlətin məlumat bazasında işsiz kimi görünər. Və ya əksinə - işləməyən və həqiqətən uşağın alimentini ödəyə bilməyən şəxs bir şirkətin rəhbəri ola bilər. Yəni, rəsmən şirkət rəhbəridir, lakin şirkətin heç bir gəliri yoxdur.

 

- Vəziyyəti yaxşıya doğru dəyişmək üçün nə etmək lazımdır?

 

- Əvvəla, "kölgə sektorunu" aradan qaldırmaq lazımdır. Bu istiqamətdə işlər görülməyə başlayıb. Məsələn, əmək müqaviləsi olmadan işə götürülmək, vergidən yayınma və s. üçün cərimə tətbiq olunmalıdır. Qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac yoxdur, mövcud olanın tətbiq olunmasını təmin etmək kifayətdir. Bu vəziyyətdə borclunun həqiqətən işlədiyini hesablamaq və hətta borcunu hesabından çıxarmaq məhkəmələr üçün asan olacaq.

 

Bundan başqa, imkanı ola-ola alimenti ödəməyənlərin ölkəni tərk etməsinə, avtomobil sürməsinə və s. qadağalar daha təsirli olacaq. Fikrimcə, həmin şəxslərin fotoşəkilləri qəzetlərdə, internetdə və ictimai yerlərdə yayımlanacağı zaman bir utanc hissi yaranacaq. Mən burada məxfilik prinsipinin pozulduğunu güman etmirəm: bir insan bilərəkdən övladlarını aclığa məhkum edir və məhkəmə qərarlarına məhəl qoymur, yəni həm mənəvi, həm də qanuni tələblərə meydan oxuyursa, cəzası da bununla verilməlidir. Cəmiyyətin özünü müdafiə etmək hüququ var.

 

- Hazırkı karantin rejimi səbəbindən bu kimi halların sayı artacaq?

 

- Bəli, belə proqnozlar var. İnsanlar aylardır, işsizdirlər, işlərini itiriblər. Bütün bunlardan sonra, bir insanın nizamlı şəkildə aliment ödəməsini gözləmək çətindir. Xüsusən, bu aylar karantin müddətində məhkəmə tərəfindən çıxarılmış qərarlardan dolayı yığılmış borcları da olacaq. Bunu nəzərə alaraq, məhkəmə icraçıları bir müddət vaxt verməli və zəruri hallarda borcun yenidən ödənilməsini tələb etməlidirlər.

Müəllif: Elya Belskaya