Deputat: “Büdcəyə uyğun olaraq qanunda müəyyən dəyişikliklər ola bilər”
Sosioloq: “İnsanlar görməlidirlər ki, vətən uğrunda edilən fədakarlıq qarşılıqsız qalmır”
44 gün davam Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Hazırda cəmiyyətdə təkliflər var ki, müharibədə şəhid və qazi olanların ailələri kommunl xidmətlərdən pulsuz yararlansın. AYNA təklifin mümkünlüyün araşdırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunu xatırladıb: “Bu qanun 1993-cü ildə Heydər Əliyev tərəfindən imzalanaraq, qüvvəyə minib. Həmin qanunun bir neçə maddəsi, məhz sözügedən məsələ ilə bağlıdır. Həmin qanuna uyğun olaraq şəhid ailələrinə müəyyən güzəştlər edilir. Müharibə bitdikdən sonra, şəhid olanlara şəhid adları verildikdən sonra həmin qanunda olan güzəştlər İkinci Qarabağ savaşındakı şəhidlərimizə də şamil ediləcək. İndiyə qədər necə olubsa, o formada da davam etdiriləcək”.
“Lakin şəraitə uyğun olaraq hər şey dəyişə bilər. Büdcəyə uyğun olaraq həmin qanunda müəyyən dəyişikliklər ola bilər. Ola bilsin ki, müəyyən medallarla təltif olunsunlar və hər medala uyğun olaraq da imtiyazlar təyin olunsun. Bütün bunlar gələcəyin işidir”, - deputat bildirib.
İndiyədək məcburi köçkünlərə edilən güzəştlərin şəhid ailələrinə aid edilməsi məsələnəsinə toxunan Nağıyev deyib ki, hələlik məcburi köçkünlərin statusları özlərindədir: “Onların statusunu hələ heç kim ləğv etməyib. Məcburi köçkünlər torpaqlarına bu gün qayıtmırlar. İlk olaraq torpaqlar minalardan təmizlənəcək, evlər bərpa olunacaq və ən sonda onlar öz evlərinə qayıtdıqdan sonra artıq bu məsələyə qayıtmaq olar. Lakin bu gün hələ onların bütün imtiyazları - kommunal xərcləri, edilən güzəştləri öz qüvvəsindədir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə təklifə müsbət yanaşır: “Bu təklifi tamamilə dəstəkləyirəm. Çünki bütün dövrlərdə də belə olub ki, müharibədə iştirak edənlərə, şəhid olanlara dövlət tərəfindən çox ciddi güəştlər olunub. Bu, nəyə görə lazımdır? Birincisi, həm insan müharibəyə gedib, həyatını itirib və ya əlil olub. Belə bir humanist nöqteyi-nəzərdən hökmən həmin insanlara dəstək olmaq lazımdır. İkincisi isə bunu vətənpərvərlik hisslərini qaldırmaq üçün etmək lazımdır. İnsanlar görməlidirlər ki, müharibəyə gedib, şəhid olanlara necə qiymət verilir, onlar digər insanlardan necə fərqlənirlər. Hər bir gənc görməlidir ki, vətən yolunda şəhid olanda, vətən yolunda döyüşəndə, o, qiymətləndirilir”.
“Bu, hətta qədim zamanlarda da belə olub. Həmin dövrlərdə insanlar ordulara ona görə qoşulurdular ki, döyüşlərə gedənlər qənimət əldə edirdilər, əldə olunan qəniməti müharibədə iştirak edənlərin, ölənlərin ailələri arasında bölürdülər. Yəni bu, indinin məsələsi deyil, tarixboyu belə olub. İkinci Dünya müharibəsinin də belə bir təcrübəsi var. Yaşlı nəslin hamsının yadındadır ki, o vaxtlar müharibədən gələnlər kifayət qədər fərqləndirilir, onlara bir çox məsələlərdə üstünlük verilirdi. Onların təqaüdləri xüsusi kateqoriyalar şəklində verilirdi. Hətta, tanıdığım insanlar var idi ki, onlara maşın da verilmişdi. Bunların hamısı İkinci Dünya müharibəsindən sonra Sovet təcrübəsi olub. Biz ondan da artığını etməliyik. Çünki insanlarımız böyük bir ruh yüksəkliyi ilə döyüşdülər. Biz bunları mütləq qiymətləndirməliyik”, - sosioloq vurğulayıb.
Qəşəmoğlu, Azərbaycanda bu müharibədə bir nəfər də fərari olmadığına diqqət çəkib: “Ermənilər özləri etiraf etdilər ki, on min nəfər fərariləri oldu. Bizdə hamı bir nəfər kimi cəbhədə döyüşməyə can atırdı. Həkimlərimiz deyirlər ki, yaralı əsgərlər yaraları sağalmamış döyüşə geri qayıdırdılar. Nə qədər əsgərlərimiz yaralı-yaralı vuruşub. Ona görə də biz xalqımızın bu xarakterini də yüksək qiymətləndirməliyik. Xalq bilməlidir ki, onun bu xarakteri bütün dünyada danışılacaq, yazılacaq. Həmin fərarlik məsələsi də heç kimin diqqətindən qaçmayacaq. Şuşanı əsgərlərimiz əlbəyaxa döyüşərək geri alıblar. Öz yaxınlarımdan biri ordakı döyüşlərdə necə əlbəyaxa döyüşmüşdüsə, üz-gözündəki göylər, şişlər bunun sübutu idi. Belə döyüşlər kifayət qədər çox olub”.
“Ona görə də biz əsgərlərimizi qiymətləndirmək üçün bütün güzəştləri tətbiq etməliyik. Sizin bu təklifinizlə tamamilə razıyam. Təbii ki, məcburi köçkünlərə ayrı səpkidə köməklik ediləcək. Evlərinin, obyektlərinin tikintisi üçün dövlət kreditlər ayıracaq. Öz evlərinə qayıtmayanlar, onsuz da məcburi köçkün kateqoriyasından çıxarılacaq. Əgər insan hər bir düzənini burda qurubsa, torpağına qayıtmaq istəmirsə, burda qalıb hamı kimi yaşayacaq. Amma artıq məcburi köçkün hesab edilməyəcək. Ona görə də mən sizin dediyiniz ideyanı tamamilə dəstəkləyirəm”, - deyə həmsöhbətimiz əlavə edib.