“Güclü Ermənistan” Partiyasının ilk qurultayı keçirilib
Erməni iş adamı Samvel Karapetyan yekdilliklə “Güclü Ermənistan” Partiyasının lideri seçilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, təşkilat məlumatına görə, partiyanın təsis qurultayı bu gün baş tutub. Qurultayda partiyanın sədri və idarə heyətinin üzvləri seçilib.
Partiyanın təqdimatı fevralın 12-də keçiriləcək və Ermənistan Parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq.
Qeyd edək ki, S.Karapetyan 2025-ci ilin iyun ayında ruhanilər və hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs edilib. Karapetyan hökumətin hərəkətlərini siyasi təzyiq adlandıraraq ittihamları rədd edib.
Kilsəni dəstəkləyən açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada ruhanilərə və iş adamına qarşı bir sıra təhqiramiz şərhlər paylaşıb və bu, geniş ictimai etirazlara səbəb olub.
Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri ilə yeni ittihamlar irəli sürülüb: "vəzifəli və ya vəzifəli şəxs səlahiyyətlərindən və ya onlara əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması". 2025-ci ilin dekabr ayının sonunda o ev dustaqlığına buraxılıb.