Bəzi rayonlarda külək güclənəcək
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 16-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % olacaq.
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.