Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.