Rusiyanın Xankəndidə konsulluq açmaq planının izi ilə: İrəvanla Bakıya mesaj

Siyasət

30.05.2024 - 18:05

İlham İsmayıl: “Qarabağda Türkiyənin konsulluğu açılmadan Rusiyanın konsulluğunun açılması Azərbaycanın maraqlarına heç bir halda uyğun deyil”

Rusiya bu il Qarabağda Baş Konsulluq açmaq niyyətini ortaya qoyub. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, Moskva Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir.

“Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı parlamentari vurğulayıb.

Karasin qeyd edib ki, Baş Konsulluğun 2024-cü ildə açılması ideal variantdır: “Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”.

Rusiya tərəfinin birdən-birə belə bir niyyəti ortaya qoyması suallar yaradır. Azərbaycan ictimaiyyətini düşündürən odur ki, Moskva qəfldən Qarabağda, özü də Xankəndidə niyə diplomatik missiya açmaq qərarı verib və bu planın alt qatında nə dayanır?!

Təhlükəsizlik məsələləri üzrə ekspert, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl AYNA-ya müsahibəsində deyib ki, bu, Karasinin şəxsi mövqeyi deyil, Rusiya dövlətinin mövqeyidir:

- Xüsusilə, Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra Rusiya hansısa şəkildə Qarabağda qaldığını, Cənubi Qafqazda təsirinin qaldığını nümayiş etdirmək istəyir. Amma təkcə bu da deyil, məsələyə bir neçə rakursdan baxmaq lazımdır. İndi Azərbaycan ictimaiyyətində konsulluq məsələsi ilə bağlı ikili yanaşma var. Bir qrup həddən artıq narahatdır, digər qrup da həddən artıq rahatdır. Məncə, nə tam arxayın olmaq olmaz, nə də tam bədbin olmaq olmaz.

Birincisi, Rusiyanın Xankəndidə konsulluq açması məsələsində xüsusi təhlükə yoxdur. Bilirsiniz ki, Türkiyə Şuşada konsulluq açmaq niyyətindədir və bunu elan edib. Ankara bunu elan edən zaman Azərbaycan Xankəndityə nəzarət etmirdi. Burada bir siyasi gediş var idi, mesaj var idi. O mənada ki, Şuşa keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan şəhər idi və Ermənistana da, Rusiyaya da mesaj verilirdi ki, artıq inzibati ərazi anlayışı aradan qalxıb. O dövr üçün bu, siyasi mesaj idi, gediş idi. İndi isə Rusiya Qarabağda, özü də Şuşada yox, Məhz Xankəndidə konsulluq açacağını bəyan  edir. Bu isə Rusiyanın Ermənistana siyasi mesajıdır. Moskva İrəvana demək istəyir ki, Ermənistan Rusiyadan uzaqlaşmaq xəttini seçdikcə, perspektivdə Qarabağa iddianızın üstündən xətt çəkilir. Rusiya Ermənistana anlatmaq istəyir ki, İrəvan Qərb yolunu tutsa, Rusiya ermənilərin gələcəkdə ərazi iddiasına birdəfəlik son qoyulacaq.

İkincisi, bu, həm də Azərbaycana, daha doğrusu Cənubi Qafqaza mesajdır. Moskva demək istəyir ki, hərbi kontingentinin Qarabağdan çıxması Rusiyanın bölgədən çıxması anlamını vermir, ən uyğun formada, konsulluq açmaqla Qarabağda qalır.

- İndi bunu mənfi hal, yoxsa müsbət hal kimi qiymətləndirmək lazımdır?

- Müsbət tərəfi odur ki, Rusiya bununla Azərbaycanın ərazi bütövlüyünü tanımış olur. Rusiya tərəfi 44 günlük müharibədən sonra “Dağlıq Qarabağın statusuna” sonralar baxılacağını bildirirdi. Proseslər, Azərbaycanın yerində atdığı diplomatik addımlardan sonra rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Baş nazir Nikol Paşinyan Praqa görüşündə bunu bəyan etdi. Ondan sonra Rusiya tərəfi, konkret olaraq Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov dedi ki, Ermənistan tanımasa, Moskva da Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Tam belə deməsələr də, buna eyham vururdular. Hətta Moskva Paşinyanın bu addımından təəccübləndiyini gizlətməmişdi. İndi isə Xankəndidə konsulluq açmaqla Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını deyir.

Mənfi tərəfi isə odur ki, demək olar, bütün diplomatik missiyaların bir tərəfi də kəşfiyyat xarakteri daşıyır. Bütün dünyada yazılmamış qanun var ki, hər bir dövlət xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə açıq və gizli formada kəşfiyyat məlumatları toplayırlar. Təsəvvür edin ki, ABŞ-ın İraqdan sonra ən böyük səfirliyi Ermənistandadır. Səfirlikdəkilərin çoxu isə diplomatik missiya ilə yox, kəşfiyyat xarakterli məlumat toplamaqla məşğuldurlar. Mənfi tərəf odur ki, sabah Rusiya Xankəndidəki konsulluğu vasitəsilə maksimum çalışacaq ki, kəşfiyyat məlumatları toplasın.

- Məsələn, hansı məlumatları toplamaq niyyətindədirlər?

- Bizim üçün istənilən adi bir məlumat, başqa ölkə üçün adi olmaya bilər. Bir var açıq məsələlərlə bağlı məlumatlar toplamaq: məsələn, Qarabağda Azərbaycan hansı işləri həyata keçirir, bərpa-quruculuq hansı səviyyədə aparılır, məskunlaşma necə gedir, haralar əkilir, əkilən yerlərə nə səpilir və s. Bir də məhdud və məxfi məlumatlar var. Bu məlumatları isə oradakı şəxslərdən əməkdaşlığa cəlb edə bilərlər və araşdırarlar ki, Azərbaycan burada perspektivdə nələr etmək istəyir, plan nədir, başqa dövlət də burada iş görməyə gələcəkmi və s. Eyni zamanda, Rusiyanın Türkiyənin Qarabağda olmasına qısqanclıqla yanaşması var, bu, danılmazdır. Rusiya hətta istəyir ki, Qarabağda konsulluğu Türkiyədən əvvəl açsın. Karasin açıqlamasında deyir ki, “Azərbaycanın dəstəyinə ehtiyac var” və “yaxşı olardı ki, konsulluq 2024-cü ildə açılsın”. Yəni ki, Rusiya qabağa düşmək üçün tələsir.

- Azərbaycanın buna reaksiyası necə olmalıdır və ya necə olacaq?

- Əlbəttə, Azərbaycan milli maraqlara uyğyun reaksiya verməlidir və verəcək. Sabah orada Rusiyanın konsulluğu açıla bilər. Amma Qarabağda Türkiyənin konsulluğu açılmadan Rusiyanın konsulluğunun açılması Azərbaycanın maraqlarına heç bir halda uyğun deyil. Hesab edirəm ki, Rusiyanın konsulluğunun açılmasına Azərbaycanın icazəsi olarsa da, birinci Türkiyənin konsulluğu açılacaq, sonra Rusiyanınkı ola bilər.

O da ola bilər ki, Türkiyə konsulluğu açılmasın və Rusiyanın da konsulluq açması məsələsi arxa plana keçsin. Demək istəyirəm ki, bunun Azərbaycan üçün ciddi təhlükəli tərəfləri yoxdur. Sadəcə Rusiya öz təsirlərinin Cənubi Qafqazda qaldığını göstərmək istəyir.

- Adətən, bir ölkə vətəndaşları olan yerdə konsulluq açırlar. Bu gün Qarabağda Rusiya vətəndaşları yoxdur...

- Konsulluq açmaq vətəndaşların olmasına görə deyil. Vətəndaşın həmin şəhərdə olması sadəcə pərdədir. Azərbaycanın Los-Ancelsdə konsulluğu var. Bizim vətəndaşlar orada xüsusi çəkiyə malik deyillər ki, deyəsən konsulluğa ehtiyac var. Əslində Los-Ancelsdə ermənilər daha çox yaşayırlar. Azərbaycan ermənilərin təsirini azaltmaq üçün, maraqlarımızı qorumaq üçün Los-Ancelsdə konsulluq açmışıq, fəaliyyət göstəririk. Rusiya Qarabağda konsulluq açmaqda ona görə niyyətlidir ki, maraqlarını bölgədə təmin etsin. Rusiya bölgədə Türkiyə ilə paralel qalmaq istəyir.  

Müəllif: Anar Bayramoğlu