“Tam əminəm ki, yaxın gələcəkdə amerikalılar həm İraqı, həm də Suriyanı tərk edəcəklər”
“Suriyadan sonra ABŞ Yaxın Şərqdəki digər ölkələrdən də qoşunlarını çıxaracaq”. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Vaşinqtonun Suriyadan qoşunları çıxarmaq planlarını şərh edərkən deyib.
“Tam əminəm ki, yaxın gələcəkdə amerikalılar həm İraqı, həm də Suriyanı tərk edəcəklər. Çünki onlar mütləq oradan xaric olunacaqlar. Amerikalılar müqavimət və güc görən kimi geri çəkilirlər”, rusiyalı deputat vurğulayıb.
Çepa qeyd edib ki, Yaxın Şərqdə vəziyyət dəyişir: “Amerikalıların yaratdıqları münaqişələr regionun bütün ölkələrində narazılıq doğurur. Bu gün amerikalılar getdikcə daha çox müttəfiqlərini itirirlər. Bunu Yəməndə, İsraildə, Fələstində, Suriyada görmək olar”.
Qeyd edək ki, "Foreign Policy" nəşri məlumat yayıb ki, ABŞ hakimiyyəti kontingenti saxlamaq üçün heç bir əsas görmədiyi üçün qoşunların Suriyadan çıxarılmasını müzakirə edir. Bu barədə Yaxın Şərq İnstitutunun Suriya və terrorizm və ekstremizmlə mübarizə üzrə proqramların rəhbəri və baş elmi işçisi şarl Lister mənbələrə istinadən deyib.
Daha sonra Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, ABŞ-ın öz ordusunu İraqdan da çıxarmaq planları barədə məlumatlar var.