Rusiyada buğda ucuzlaşır, Azərbaycanda isə əksinə - Şayiələr və reallıqlar

İqtisadiyyat

16.08.2022 - 10:20

Ölkəmizdə unun bahalaşması ilə bağlı məlumatların yayılmasının səbəbləri nədir?

Dünyada buğdanın qiyməti düşür, əsas tədarük bazarı olan Rusiyadan da ixrac ucuzlaşır. Azərbaycanda isə unun bahalaşması ehtimalı ilə bağlı informasiyalar daha çox yayılmağa başlayıb. Onların haradan qaynaqlandığı hələ də bəlli deyil.

Bir sıra mətbuat orqanlarında yer alan xəbərlərə görə, rayonlardan un qıtlığı ilə bağlı şikayətlər daxil olur. Bəzi rayonların sakinləri bildirirlər ki, mağazalardan un ala bilmirlər.

“Məhsul o qədər defisitdir ki, hətta əvvəlcədən sifariş ediləndə belə, adambaşına bir kisədən çox satmırlar. Sosial şəbəkələrdə də rayonlarda un çatışmazlığından şikayət edən vətəndaşların sayı artıb. Bəziləri deyirlər ki, sahibkarlar qəsdən qiymətləri artırmaq üçün süni “qıtlıq” yaradırlar”, - deyə yerli mətbuatda yayılan xəbərlərdə qeyd olunur.

Bu söz-söhbətlərə hələlik rəsmi reaksiya verilməyib, lakin yerli analitiklər və media platformalarında unun payızda bahalaşacağını əsas və güclü şəkildə müzakirə edirlər. Və buna baxmayaraq, qiymət artımının hər hansı bir səbəbi nəzərə çarpmır. Əksinə, Rusiyada buğda və taxılın daxili və ixrac qiymətləri fevral ayı qiymətlərinə düşüb.

Bütün xaricdən gətirilən buğdanın əsas payı ölkəmizə məhz oradan verilir. Qonşu ölkədə rekord miqdarda taxıl yığımı, ixrac rüsumlarının rublla yenidən hesablanması, eləcə də dünya bazarlarında qiymətlərin aşağı düşməsi Rusiyanın Azərbaycana buğda tədarükünün maya dəyərini aşağı salıb.

Bununla yanaşı, Respublikaya əsasən ucuz qiymətə dördüncü dərəcəli buğda gətirilir. Rusiyada onun qiyməti 14 min rubla (229,9 dollar) düşüb və ucuzlaşmaqda davam edir, rubla çevrildikdə isə ixrac rüsumu əvvəlki 147 dollardan aşağı düşüb və 5 min rubl daxilində dəyişir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 5 ayında ölkəyə idxal olunan yumşaq buğdanın orta qiyməti 350,5 dollar/ton və ya 595,9 manat/ton təşkil edib.

Yerli mütəxəssislər artıq bir neçə ildir ki, Rusiyadan dördüncü dərəcəli taxılın ölkəmizə gətirilməsindən danışırlar. Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski bu yaxınlarda bu məlumatı təsdiqləyərək bildirib ki, təklif olunan çeşidlər içərisində Azərbaycan biznesi məhz bu ucuz taxılın alınması üçün müqavilələr bağlayır.

“Taxılın qiyməti siyasi qeyri-sabitlik dövrünü keçirdi, indi ucuzlaşır. Bizdə yaxşı məhsul və böyük ehtiyatlar var və ona görə də bahalaşma üçün heç bir əsas yoxdur. Rusiya tərəfdən keçənilki artımın parametrləri rüsumlardan ibarət olub, 60 dollardan 147 dollara yüksəlib. Azərbaycanda bunun necə olduğunu bilmirəm, amma sizin ölkəniz üçün heç bir maddi-texniki və digər problem yoxdur, Rusiyada kifayət qədər taxıl var. Yeganə maneə rüsumlar və kvotalardır, lakin keçən mövsüm kvota belə müəyənləşməyib”, - deyə Zloçevski bildirib.

Alış qiymətlərinin aşağı düşməsi ilə daxili bazarda unun qiymətində ucuzlaşma gözləmək lazım idi, amma bu proses baş vermədi.

İqtisadçıların fikrincə, unun və çörəyin bahalaşması son dərəcə arzuolunmazdır. Xarici qiymət reallıqları ilə əlaqədar daxili bazarda bahalaşmanın qarşısını almaq üçün idxalı əvəzləmə proqramı hazırlanıb, yerli buğda istehsalçılarına subsidiya verilməsi üçün pilot layihəyə start verilir.

Bundan əlavə, Nazirlər Kabineti yerli fermer təsərrüfatlarından ərzaq buğdasının alış qiymətini bir ton üçün 580 manata (341,7 dollar) qaldırıb. Hökumətin bəyanatında deyilir ki, yeni qiymət bəndi istehsalçıların xərclərini nəzərə alır və qərarın özü dənli bitkilərlə özünü təmin etməyi artırmalı, fermerləri onun istehsalına stimullaşdırmalıdır.

Lakin kənd sakinlərindən Dövlət Taxıl Fonduna daxil olan buğdanın miqdarı ilə bağlı məlumatlar geniş yayılmır. Mütəxəssislər qeyd edirlər ki, Fondun ehtiyatları əsasən idxal hesabına formalaşır. Lakin 750 min ton ehtiyatı olan bu Fondla belə, daxili buğda bazarında qiymət konyukturasına xarici risklərə qarşı təminat verilmir.

Müəllif: Tanya Samsonova