Rusiya üçün təhlükə: “Qanunsuz miqrasiya ölkənin dağılmasına şərait yaradır”

Dünya

26.04.2024 - 17:10

Nikolay Patruşev: “Miqrantlar etno-konfessional balansı pozur və ölkələrin parçalanması üçün ilkin şərtlər yaradırlar”

“Qanunsuz miqrasiya böyük risklər mənbəyidir və ölkənin dağılmasına şərait yaradır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Sankt-Peterburqda keçirilən Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq Müşavirəsində deyib.

Patruşevin sözlərinə görə, miqrant axını terror və humanitar təhlükələr yaradır.

Çin, İran rəsmiləri və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirak etdiyi konfransın yekunları üzrə katib deyib ki, onlar “miqrantlar etno-konfessional balansı pozur və təkcə sərhədlərin dəyişdirilməsi üçün deyil, həm də ölkələrin parçalanması üçün ilkin şərtlər yaradırlar”.

Patruşev qeyd edib ki, qeyri-qanuni miqrasiya həmçinin mütəşəkkil cinayətkarlıq, silah, narkotik, insan və insan orqanlarının alveri ilə sıx bağlıdır. O əlavə edib ki, bu fikir 2010-cu ildən Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilən konfransın bütün iştirakçıları tərəfindən təsdiqlənib.

“Rosstat”ın məlumatına görə, 2015-ci ildən bəri azı 3,5 milyon miqrant Rusiyanın daimi sakinlərinə çevrilib. Bu, rəsmi statistikaya görə, Rusiya əhalisinin miqrasiya artımıdır. Son on ildə təbii azalmanı, yəni ölümün doğum nisbətindən artıqlığını kompensasiya edib.

Statistikaya görə, yaxın 20 ildə daha 5 milyon miqrant Rusiya Federasiyasının daimi sakinlərinə çevriləcək. Bu, hökumət demoqraflarının 2046-cı ilə qədər 12,7 milyon insan olacağını təxmin edən təbii azalmanın təxminən 40 faizini əhatə etməlidir.

Təhlükəsizlik qüvvələrinin Tacikistandan olan mühacirləri günahlandırdığı “Crocus City Hall”dakı terror aktından sonra Rusiya hakimiyyəti miqrantlara nəzarəti kəskin şəkildə gücləndirmək planlarını açıqladı: polis miqrantların sıx toplaşdığı yerlərdə bir sıra reydlər keçirdi, bundan sonra bir neçə min insan Rusiyadan qovuldu. Dövlət Dumasına andı pozduqlarına görə miqrantların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib və Daxili İşlər Nazirliyi ölkədə müvəqqəti qalma müddətinin 90 günə endirilməsini, eyni zamanda, Rusiyaya daxil olan miqrantların “rəqəmsal profilinin” yaradılmasını təklif edib.

Müəllif: Turan Abdulla