Rusiya ordusu Xarkova raket zərbələri endirib

Dünya

31.03.2023 - 11:21

Mülki infrastruktur obyektinə və fərdi yaşayış binalarına ziyan dəyib

Rusiyanın Xarkova gecə hücumu nəticəsində üç vətəndaş yüngül xəsarət alıb, İzyum rayonunda daha iki nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”da yazıb.

"Dünən axşam saatlarında düşmən Xarkovun Novobavarski rayonuna raket hücumu həyata keçirib. Ümumilikdə şəhərə 9 raket atılıb", - Sinequbov bildirib.

Qeyd edib ki, Xarkovda mülki infrastruktur obyekti və fərdi yaşayış binaları zədələnib: "Raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Onları xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb”.

“Həmçinin ötən gecə düşmən İzyum bölgəsində kritik infrastruktur obyektlərinə dronlarla hücuma keçib. 44 və 66 yaşlı iki mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib. Bundan əlavə, ötən sutka ərzində düşmən Xarkov vilayətinin Kupyanski, Çuqevski və Volçanski rayonlarında sərhəd yaşayış məntəqələrini atəşə tutub. Xüsusilə, Kupyansk, Dvureçnaya, Streleçye və başqa şəhər və kəndlər atəşə tutulub. Yaşayış evlərinə və yardımçı tikililərə ziyan dəyib”,  Adminstrasiya rəhbəri vurğulayıb.

Müəllif: Ayna.az