Rusiya mediası azərbaycanlıları damğalamağı dayandırmalıdır – Cinayətkarın milliyyəti yoxdur

Aktual

08.12.2021 - 19:05

“Burada Azərbaycan və azərbaycanlılar əleyhinə yazılarla dolu olan açıq-aşkar ermənipərəst nəşrlər fəaliyyət göstərir”

Bu yaxınlarda Çeçenistan parlamenti Rusiya Dövlət Dumasına cinayətkarın milliyyətinin mediada göstərilməsini qadağan edən qanun layihəsi təqdim edib. Sənədin müəllifi, Çeçenistan parlamentinin sədri Maqomed Daudov cinayətkarın milliyyəti və dini barədə məlumatların yayılmasına görə inzibati məsuliyyət müəyyən etməyi təklif edib.

Çeçenistan parlamenti hesab edir ki, qadağa millətlərarası və dinlərarası harmoniya və sülhün qorunması zərurəti ilə bağlıdır. Belə bir qanun layihəsi Rusiya cəmiyyətinə, ilk növbədə, millətlərarası münasibətlərdə incə balansı qorumaq üçün lazımdır.

Rusiyada yaşayan azərbaycanlılar da belə bir təbliğat klişesinin qurbanı olurlar. Bəzi qüvvələrin təklifi ilə, azərbaycanlıların Rusiyanın dövlətçiliyinin, iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı töhfələrini unudaraq, soydaşlarımız cinayətkar ünsürlər kimi təqdim edilirlər.

Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov AYNA-ya açıqlamasında Rusiyada bu qanunun qəbulunun vaxtının çoxdan yetişdiyini deyib: “Təəssüf ki, çoxmillətli və çoxkonfessiyalı Rusiyada media millətlərarası sülh və birliyi möhkəmləndirmək əvəzinə bəzən təxribat xarakterli fəaliyyətlər həyata keçirir. Uzun illərdir ki, Rusiya media məkanında Azərbaycan əleyhinə yazılarla dolu olan açıq-aşkar ermənipərəst nəşrlər fəaliyyət göstərir. Hətta ruslarla digər millətlər arasında nifaq salan millətçi saytlar da var”.

Onun sözlərinə görə, cinayətkarın nə milli, nə də dini mənsubiyyəti var: “Təəssüf ki, bir çox Rusiya mediası fərqli düşünür və kriminal xəbərlərində cinayəti törədən şəxsin milliyyətini xüsusi vurğulayır. Bu, Rusiyada millətlərarası harmoniya və birliyin bərqərar olmasına kömək etmir. Bu qanunla əlaqədar biz Dövlət Dumasının Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatı Nina Ostanina və Vahid Rusiyadan olan deputat Sergey Kolunovla görüşlər keçirdik. Ümid edək ki, Dövlət Duması bu qanunu qəbul edəcək”.

Öz növbəsində, Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov AYNA-ya bildirib ki, bu qanun layihəsi federal səviyyədə qəbul edilməlidir: “Cinayətkarın milli və dini mənsubiyyəti yoxdur. Mediada cinayət törədənin milliyyəti göstərilməməlidir. Bu, Rusiyada millətlərarası sülhün qorunmasına töhfə verir”.

“Medinın kriminal xəbərlərində milli və ya dini mənsubiyyətin göstərilməsi çox vaxt Rusiya cəmiyyətində müəyyən qruplar haqqında mənfi rəyə gətirib çıxarır ki, bu da, əslində, saatlı bomba quraşdırılması anlamına gəlir. Biz əlimizdən gələni etməliyik ki, cəmiyyəti hər hansı bir millət və ya xalq haqqında mənfi imicinin formalaşmasından qoruyaq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Udmurtiya Azərbaycanlıları Birliyinin rəhbəri, Udmurt Respublikasının Sarapul vilayətinin deputatı Elgiz Hacıyev isə AYNA-ya şərhində Azərbaycan icmasını narahat edən konkret fakta diqqət çəkib: ““Tsarqrad” nəşri uzun müddətdir ki, Udmurtiyada törədilmiş cinayətlə bağlı materiallar dərc edir, hətta Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə sorğular göndərərək, tələb edir ki, Udmurtiyada, guya Azərbaycan diasporunun nümayəndələrinin də sıx cəlb olunduğu qanunsuzluq və korrupsiya xəbərləri dayandırılsın. Hesab edirəm ki, bu addımı ilə “Tsarqrad” nəşri etnik qarşıdurmanı qızışdırır. İnanıram ki, həmin nəşr bu "cadugər ovu"nun necə bitəcəyini təsəvvür edir”.

“Bir çox KİV-lər Rusiyanın millətlərarası birliyini möhkəmləndirmək əvəzinə Rusiya dövlətçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarına təzyiq göstərir, hadisələrin obyektiv araşdırılmasına mane olur. Bu, “Tsarqrad”ın son aylarda ictimaiyyəti geniş şəkildə məlumatlandırdığı cinayətə də aiddir. Cinayətkarlar cəzalandırılıb, lakin bu nəşr kiminsə məsuliyyətdən yayındığını hesab edirsə, o zaman ittiham və suallar azərbaycanlılara qarşı yönəlməməlidir”, - deyə Hacıyev söyləyib.

Müəllif: Asif Aydınlı