“Artıq Ermənistanın bir dövlət kimi taleyi müəyyənləşir, nəinki Qarabağın”

Aktual

30.10.2020 - 10:22

Tural Abbaslı: “Düşmənin iç üzünü, riyakarlığını dünyaya göstərmək üçün Azərbaycan danışıqlardan imtina etməməlidir

 

Bu gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də iştirakı ilə görüş keçirəcək. Sözügedən görüş və ümumilikdə Qarabağda baş verənlərlə bağlı AYNA-nın suallarını Ağ Partiya sədri Tural Abbaslı cavablandırıb:

 

- Hazırda Azərbaycan Vətən müharibəsi aparır. Belə məqamda siyasi görüşündən, statusundan, mövqeyindən asılı olmayaraq hər kəs üzərinə düşən məsuliyyəti anlayır və ordumuz da öz zəfərləri ilə xalqın, dövlətin və millətin fədakarlığının qarşılığını verir. Təbii, arzumuz budur ki, ordumuz tez bir zamanda işğal altında olan ərazilərimizi terrorçulardan təmizləsin və ərazi bütövlüyümüz bərpa edilsin. Məlum məsələdir ki, hər bir qələbənin və uğurun arxasında kədərli məqamlar da olur. Necə ki, bu qələbələrin qazanılmasında şəhidlər veririk, əsgər və zabitlərimiz qazi mərtəbəsinə yüksəlirlər. Amma xalqımız bunu da çox mərdliklə qəbul edir, şəhid ailələri, şəhid yaxınları “Vətən sağ olsun!” deyirlər. Dolayısı ilə hazırda davam edən proseslər Azərbaycanın xeyrinədir və belə də olmalıdır. Çünki biz haqq uğrundu vuruşur, haqq uğrunda mübarizə aparırıq. Ermənilər də yüz illərdir tanıdığımız riyakar, bütün mənfi keyfiyyətləri öz üzərlərində cəmləyən bir millət olaraq hər fürsətdə xəyanətə əl atıblar, davranışları ilə insani dəyərlərə qarşı çıxıblar. Necə ki, atəşkəs elan edilir, lakin atəşkəsin üstündən çox keçməmiş dinc əhaliyə atəş açırlar, mülki obyektləri hədəfə alırlar. Amma biz düşmənimizi yaxşı tanıdığımız və yüz illərdir bu düşmənlərlə üzbəüz olduğumuz üçün onların qeyri-insani davranışları bizi təəccübləndirmir. Odur ki, dünyanın təməli belə qoyulub və bizim də bəxtimizə xəyanətkar düşmənlə qonşu olmaq düşüb. Buna baxmayaraq, onlara öz gücümüzü göstərməliyik ki, bir də bizə baş qaldırmasınlar.

Azərbaycanda elə bir siyasi qüvvə yoxdur ki, Qarabağın azadlığını  istəməsin" » "Dünya" informasiya agentliyi

- Azərbaycan hərbi əməliyyatlara başlayandan sonra Rusiyanın təşəbbüsü ilə iki dəfə humanitar atəşkəs elan edildi. Bu dəfə isə ABŞ-ın təşəbbüsü ilə humanitar atəşkəs elan edildi. Hər dəfə atəşkəs elan ediləndə Ermənistan atəşkəsi kobud şəkildə pozub. Bəs, belə olan halda atəşkəsin hansı əhəmiyyətindən söhbət gedə bilər?

 

- Humanitar atəşkəs əsirlərin və həlak olanların dəyişdirilməsi, yaralıların döyüş meydanından çıxarılması baxımından elan edilir. Yəni, atəşkəs sülhə imza atmaq, yaxud müharibənin dayandırılması demək deyil. Amma buna baxmayaraq, Ermənistan danışıqlar masası arxasında söylədiyi fikirlərə döyüş meydanında əməl etmir və əks addımlar atır. Bunun sübutu kimi də atəşkəslər imzalanandan sonra Ermənistanın atəşkəsi pozması, dinc əhaliyə atəş açmasını göstərmək olar. Ermənilər, əslində atəşkəsdən sui-istifadə edir və atəşkəsi öz mövqelərini gücləndirmək, ordularına nəfəs almaq üçün imkan yaratmaq, yeni hücum planları hazırlamaq, yeni hədəflər müəyyən etmək fürsəti kimi görürlər. Yəni, ermənilər məğlubiyyətləri ilə barışmaq istəmirlər. Azərbaycan isə humanitar atəşkəsə razılaşmaqla, dünyaya ermənilərin nə qədər qeyri-sabit və riyakar olduqlarını nümayiş etdirmək istəyir. Çünki biz onsuz da ermənilərin verdikləri heç bir sözə əməl etmədiklərini yaxşı bilirik. Bunu beynəlxalq qurumlar da artıq görməlidir ki, Ermənistan riyakar, ikiüzlü və verdikləri sözə əməl etməyən dövlətdir. Belə dövlətlə isə daimi sülhdən, yaxud razılaşmadan söhbət gedə bilməz. Bir sözlə, humanitar atəşkəs, əslində erməni dövlətinin xislətini ən bariz şəkildə dünyaya nümayiş etdirdi.

 

- Münaqişə tərəfləri Azərbaycan və Ermənistan olsa da, üçüncü, dördüncü tərəflərin iştirakını da görmək mümkündür. Misal olaraq, Rusiyanın Ermənistanı silahlandırması, Türkiyənin isə Azərbaycana birmənalı dəstəyini göstərmək olar. Lakin Rusiya rəsmilərinin son açıqlamalarında Rusiyanın sanki Türkiyə ilə hesablaşmağa məcbur olduğu hiss edilir. Siz necə düşünürsüz bu haqda?

 

- Təbii ki, Türkiyəni artıq istər geopolitik, istərsə də regional güc olaraq görməmək və bu gücü inkar eləmək siyasi korluqdan başqa bir şey deyil. Rusiya da təcrübəli dövlət ənənəsinə malik olan ölkə kimi, Türkyənin artıq regionda və dünyada söz sahibi olmasını və müasir hərbi texnologiyalara malik olmasını görür və bununla hesablaşmağa məcbur olur. Bu hesablaşma regionda sabitliyin bərqərar olmasına da səbəb olacaq. Çünki güclü Türkiyə güclü Azərbaycan və regionda ədalətin bərpa olunması deməkdir. Yəni, dünənə qədər regionda Rusiyanın mövqeyi hər şeyi həll edirdisə, hətta Rusiyanın bir çox hallarda qeyri-obyektiv mövqeyi məsələni Azərbaycanın əleyhinə gətirib çıxarırdısa, amma bu gün o gücü balanslaşdıran, o gücü tənzimləyən və qarşılıq verən güclü Türkiyə var və Rusiya da bunu görərək Türkiyə ilə hesablaşmağa məcbur olur. Əslində, Rusiya Türkiyənin güc olduğunu nə qədər tez qəbul edib, onunla müttəfiqlik istiqamətində addım atsa, bu, Rusiyanın özünə də çox faydalı olar. Çünki əhəmiyyətini və geopolotik dəyərini itirmiş bir Ermənistana görə, yeni güc olan Türkiyə ilə münasibətləri pisləşdirmək Rusiyanın maraqlarına uyğun gəlmir. Düşünürəm ki, bunu Rusiyada da başa düşürlər. Prezident Vladimir Putinin son çıxışlarında Türkiyənin ünvanına səsləndirdiyi müsbət fikirləri də nəzərə alsaq, deyə bilərik ki, regionda bəlkə də Ermənistanın dövlət olaraq taleyi müəyyənləşir, nəinki Qarabağın. Yəni, Rusiya-Türkiyə tandemi indiki halda Azərbaycanın maraqlarına uyğundur.

Vladimir Putin Ərdoğan barədə maraqlı ifadələr işlətdi

- Azərbaycana müxtəlif ölkələrdən təzyiqlər edilir. Ölkə başçısı da çıxışlarının birində Azərbaycana kənar təzyiqlərin və aqressiyanın davam edəcəyi halda, qarşılıq veriləcəyini bildirdi. Bu təzyiqlərin davam etməsi nələrə gətirib çıxara bilər və ümumiyyətlə davam edə bilərmi?

 

- Türkiyə və Azərbaycana qarşı olan təzyiqlərin uzun müddət davam edəcəyinə inanmıram. Çünki Azərbaycan və Türkiyənin dünyanın hazırkı nizam-intizamında oynadığı rol Ermənistanın rolundan qat-qat vacib və əhəmiyyətlidir. Heç bir dövlət və dövlət başçısı Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaq istəməz. Ancaq təbii ki, dünyanın ənənəvi gücləri dünyada güc balansı və geosiyasi nizamın dəyişməsində maraqlı deyil. Çünki dünyanın hazırkı intizamı onların maraqlarına xidmət edir. Onlar yeni gücün dünya arenasına çıxmamasına çalışırlar. Məhz bu gün də bu istək özünü Qarabağda nümayiş etdirir. Necə ki, ondan əvvəl Suriyada, İraqda, Liviyada özünü göstərirdi. Dolayısı ilə Qarabağın üzərində bəlkə də dünya güclərinin “qol güləşi” gedir. Fakt isə ondan ibarətdir ki, Türkiyə artıq gücdür və bununla hesablaşmaq lazımdır. Düşünmürəm ki, Fransa belə, Türkiyə ilə uzun müddət konflikt yaşamağın marağında olsun. Hesab edirəm ki, təzyiqlərin ardı-arası da kəsiləcək və dünya da başa düşəcək ki, bu təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Ondan sonra da regiona stabillik və sülh gələcək.

 

- Yəni, Qarabağ artıq beynəlxalq maraq dairəsinə çevrilib?

 

- Qarabağ artıq Azərbaycan və Ermənistanın problemi deyil, həm də dünya güclərinin özünütəsdiq mərkəzidir. Necə ki, bu özünütəsdiq mübarizəsi Liviyada, Suriyada və digər münaqişə gedən ölkələrdə var idi, indi də Qarabağdadır. Amma nə yaxşı ki, məsələlər bizim istədiyimiz istiqamətdə həll olunur. Yəni, dünya gücləri də başa düşürlər ki, artıq bugünkü reallıqlarla hesablaşmaq lazımdır.

 

- Proseslərin gedişatı ilə bağlı nə düşünürsüz? Məlumdur ki, Azərbaycana davamlı olaraq, danışıqlar masasına oturmaq təklifləri edilir. Azərbaycan tərəfi isə bunun ancaq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxma qrafikini verməsi ilə mümkün olacağını bildirib. Lakin Ermənistan bununla razılaşmır. Hadisələr bundan sonra necə cərəyan edə bilər?

 

- Təbii ki, Azərbaycan danışıqlardan birdəfəlik imtina edə bilməz. Çünki danışıqlardan birdəfəlik imtina etməyi Ermənistan dünyaya Azərbaycanın müharibə tərəfdarı olduğu kimi təqdim edə bilər. Biz “danışmağın mənası yoxdur deyəndə” onu nəzərdə tuturuq ki, Ermənistanla müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların vasitəsi ilə 30 ilə yaxın vaxt ərzində danışıqlar aparsaq da, heç bir mənası olmayıb. Amma ermənilər bunu dünya ictimaiyyətinə başqa cür təqdim etdiyi üçün, onların iç üzünü ifşa etmək baxımından danışıqlardan birbaşa imtina etməli deyilik. Ermənistan danışıqlara razı olduğunu deyirsə, buyurub gəlsin. Danışıqlarda hər tərəfin mövqeyi olduğu kimi, bizim də mövqeyimiz var və mövqeyimiz də bəllidir. Bizim mövqeyimiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə müəyyən olunub və qeyri-adi heç nə istəmirik. Təbii ki, həmin qətnamələrin icrası ilə yanaşı, istənilən danışıqlara da Azərbaycan hazır olmalıdır. Amma əminliklə deyirəm ki, ermənilər bu danışıqlarda görüntü xətrinə iştirak edirlər. Çünki bu günə qədər heç bir danışığa əməl etməyib, bundan sonra da etməyəcəklər. Çünki bilirlər ki, belə olan halda öz işğalçılıq siyasətindən imtina etməlidirlər. Ona görə də Ermənistanın iç üzünü ifşa etmək, onların nə qədər riyakar olduqlarını dünyaya göstərmək üçün Azərbaycan danışıqlardan imtina da etməməlidir. Amma ermənilərə də, onların sözünə də güvənməməliyik. Bizim yeganə güvəndiyimiz istiqamət Azərbaycanın Milli Ordusu, fədakar zabit və əsgərlərimiz olmalıdır.

Müəllif: Mərahim Nəsib