Rusiya diplomatiyasının Afrikadakı "arqumentləri" - pul, korrupsiya və "Vaqner"

Dünya

03.08.2023 - 22:19

Oleksey Qaran: “Rusiyanın pulu var, onu təbliğata, afrikalı tələbələri Moskvaya oxumağa dəvət edəcək lobbi strukturlarının yaradılmasına yatıracaq...”

Kiyev-Moqilyan Akademiyasının müqayisəli politologiya üzrə professoru, “Demokratik Təşəbbüslər” Fondunun elmi direktoru Oleksey Qaran UNİAN-a müsahibəsində Rusiya-Afrika sammitinin (BRİKS) niyə Rusiya təbliğatının göstərməyə çalışdığı qədər uğurlu olmadığını və Ukraynanın “Qlobal Cənub”un dəstəyinə arxalanıb-arxalana bilməyəcəyi, Ukraynanın Afrika ölkələri ilə necə əlaqələr qurmalı olduğu barədə məsələləri izah edib. AYNA Qaranın müsahibəsini istinadla təqdim edir:

- Ötən həftə Rusiyanın “Taxıl sazişi”ndən çıxmasından dərhal sonra BRİKS baş tutdu. Bildiyiniz kimi, Ukraynadan təhlükəsiz “Taxıl dəhlizi”nin olmaması Afrika ölkələrini ərzaq böhranı ilə təhdid edir. Bununla belə, Rusiya Federasiyası “Qlobal Cənub”un rəğbətini qazanmaq üçün əlindən gələni edir. Sizin müşahidələrinizə görə, Rusiya Federasiyası afrikalıları Ukraynadakı müharibənin onları təhdid etmədiyinə inandıra bildimi?

- Sammitin təbliğatını və real nəticələrini ayırmaq lazımdır. Tutaq ki, təbliğat nöqteyi-nəzərindən Putinin Afrika ölkələrinin nümayəndələri ilə çəkdirdiyi, həm öz ölkəsində, həm də Afrikada nümayiş etdirdiyi “şəkilləri” götürsək, sammit uğurlu görünür. Axı Rusiyaya Afrika ölkələrinin və təşkilatlarının beşə yaxın nümayəndəsi gəldi. Putin iki gün onlara nələrsə dedi, yəni “Rusiya təcrid olunmayıb”, Afrika “onu dəstəkləyir”, o da “Afrikanı dəstəkləyir”...  Ancaq təhlil etsək, hər şey tamamilə fərqli görünür.

Afrikada 54 tanınmış ölkə var. Onların hamısı sonuncu Rusiya-Afrika sammitində iştirak edirdilər. Həmin sammkitdə qırx beş ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunurdu. Builki sammitdə Afrika ölkələrindən 49 nümayəndə iştirak edirdi, onlardan yalnız 21-i dövlət və ya hökumət başçısı idi. Bəziləri xarici işlər nazirləri, digər nazirlər, bəziləri isə hətta səfirlər səviyyəsində təmsil olunurdu. Məsələn, ənənəvi olaraq SSRİ-nin, sonra isə Rusiyanın müttəfiqi olan Anqola sammitə yalnız xarici işlər nazirini göndərmişdi. Yəni təmsilçilik səviyyəsi iki dəfədən çox aşağı düşüb.

Bir neçə mühüm Afrika ölkəsinin nümayəndəsi ümumiyyətlə, sammitdə iştirak etmədi. Məsələn, Keniya, Liberiya, Sierra Leone, Botsvana... Eyni zamanda, məsələn, Şərqi Afrikada kifayət qədər siyasi ağır çəkiyə malik Keniya Prezidenti əvvəlcədən bəyan etdi ki, onun ölkəsi sammitə qatılmayacaq. Rusiya-Afrika sammitində iştirak etmək, Ukraynada müharibə getdiyi üçün beynəlxalq hüququn prinsiplərini pozdu.

Ümumiyyətlə, Afrika ölkələrinin yarıdan çoxu BMT-də Ukraynanın ərazi bütövlüyü və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mövqeyini dəstəkləyir. Bəli, onların nümayəndə heyətləri Rusiyadakı sammitdə iştirak etdilər və bu, Afrikanın çoxqütblülük konsepsiyasına uyğun gəlir. Ancaq BMT-dəki səsverməyə nəzər salsaq, Rusiyanı birbaşa 0-dan 3-ə qədər ölkə dəstəkləyir, qalanları bitərəfdirlər.

- Rusiyanın “Taxıl sazişi”ndən çıxması Afrika ölkələrində qeyri-dost addım kimi qəbul edildimi?

- “Taxıl sazişi” ilə bağlı qərarda Rusiya öz ayağına güllə vurmuş kimi oldu. Yəni ki, Moskva konkret olaraq öz ziyanına addım atdı. Hesab edirəm ki, bu, sammitdə təmsilçiliyin səviyyəsini də müəyyən etdi.

Putin Afrika liderlərinə Rusiyanın bir sıra Afrika ölkələrinə (Zimbabve, Somali, Eritreya, Mali, Burkina Faso və CAR) pulsuz taxıl verməyə hazır olduğunu dedikdən sonra cavab belə oldu ki, “bizə pay lazım deyil”. Üstəlik, Rusiyanın bu ölkələrə pulsuz olaraq nə isə verəcəyini söyləməsi bir növ neokolonial cəhddir. Bu, adətən müstəmləkəçilərin atdığı addımdır.

Bəli, afrikalılar Rusiyanın müstəmləkəçiliklə mübarizədə onlara kömək etdiyinə müəyyən qədər inanırlar. Düzdür, Sovet İttifaqı kömək etmişdi, amma Rusiya bu barədə spekulyasiya edir. Baxmayaraq ki, Rusiya Federasiyası bu məsələdə yorğanı öz üzərinə çəkərkən, xatırlatmaq yerinə düşər ki, Rusiya SFSR ümumiyyətlə BMT-nin üzvü deyildi. Əvəzində Ukrayna Ukrayna SSR kimi BMT-nin Aparteidlə Mübarizə üzrə Xüsusi Komitəsinin üzvü idi. Bu komitədə sosialist düşərgəsinin iki ölkəsi - Macarıstan və Ukrayna SSR təmsil olunurdu. Ukraynalı Udovenko (Ukraynalı diplomat Hennadiy Udovenko) bu komitənin sədr müavini idi. Afrika səfirləri isə aparteid və müstəmləkəçiliyə qarşı qətnamələr üzərində işinə görə ona çox hörmət edirdilər, sözün əsl mənasında onu qucaqlayıb öpürdülər.

Lakin Ukraynanın rolu bununla bitmədi. 1960-cı illərin əvvəllərində Odessa yaxınlığındakı düşərgədə Afrika Milli Konqresi (CAR-ın indiki hakim partiyası) üçün 300 döyüşçü hazırlanıb. İndiki liderlərin çoxu Ukraynada təhsil alıb. Yəni biz Afrika ölkələri üçün mühüm rol oynamışıq.

Bundan əlavə, artıq Ukrayna müstəqillik əldə etdikdən sonra BMT-nin on missiyasının tərkibində Ukrayna sülhməramlıları on Afrika ölkəsində, xüsusən, Anqola, Liberiya, Syerra-Leone və Konqo Demokratik Respublikasında olublar. Məsələn, müxtəlif vaxtlarda Liberiyada bu kontingentdən ümumilikdə, beş min ukraynalı hərbçi olub. Bu mənada xatırlatmaq yerinə düşər ki, Rusiyanın “Vaqner”i Afrikada sabitliyi pozub, Ukrayna isə sadəcə sabitləşdirib.

- Biz bunları afrikalılara eşitdirə bilirikmi?

- Şəxsi təcrübədən - eşidilirik. Məsələn, bizim nümayəndə heyətimiz Qanada fermerlərə baş çəkəndə onlara mükəmməl şəkildə məlumat verildi ki, Ukraynada Rusiyanın işğalçı müharibəsi gedir, Putin kimdir və taxılın qiyməti niyə qalxır və s. Cənubi Afrikadakı taksi sürücüləri dəfələrlə Baxmut haqqında soruşdular. Yəni ki, Ukraynadakı vəziyyət Afrikada izlənilir. Ona görə də biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyə bilərik və çalışmalıyıq.

Məsələn, Cənubi Afrika bizim vəziyyətimizlə bağlı neytral mövqe tutdu. Amma bir neçə halda ölkə tamamilə rusiyapərəstlik nümayiş etdirib. Xüsusilə, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində Rusiya Federasiyası və Çinlə birgə donanma manevrləri həyata keçirib. Belə bir rusiyapərəst jestləri də oldu. Əvəzində Cənubi Afrikanın adətən dəvət aldığı Xirosimada G7 sammiti keçiriləndə bu dəfə Ramafosa (CAR Prezidenti) sammitə dəvət olunmadı. Cənubi Afrika əvəzinə Komor adaları dəvət edildi, çünki onların Prezidenti hazırda Afrika İttifaqının rəhbəri vəzifəsini icra edir.

Yəni formal olaraq heç nə pozulmayıb, lakin bu, Cənubi Afrikaya diplomatik jest idi. Necə ki, rusiyapərəst mövqe tutsan, səninlə danışmazlar. Sonda bir çox amillər, o cümlədən Qərbin təzyiqləri və Cənubi Afrika Respublikasının prezidenti Ramafosanın Kiyevdə tənqid atəşinə tutulması və Putinin ona (sülh təşəbbüsləri haqqında) qulaq asmaq istəməməsi, Cənubi Afrika Respublikasındakı müxalifət və Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderinin icrasını vurğulayan müstəqil məhkəmə sistemi - bütün bunlar Kreml diktatorunun BRİKS sammitinə getməməsinə səbəb oldu. Hesab edirəm ki, biz qazandıq və bu bizim qələbəmizdir.

- Rusiyanın Afrikada istifadə etməyə çalışdığı ideoloji məqamlardan başqa yəqin ki, iqtisadi maraqları da var?

- İqtisadi baxımdan Rusiya Afrikada zəifdir. Afrikanın ticarətinin 28%-i Avropa İttifaqı ilədir. Sonra Çin, daha sonra ABŞ və Hindistan gəlir. Rusiyanın payı cəmi 2% -dir. İnvestisiyalar haqqında danışsaq, daha az - 1%. Amma yenə də deyirəm, Qərb müstəmləkəçiliyi bugünədək mövcud olduğu üçün afrikalılar belə hesab edirlər ki, Qərb pisdir, Rusiya yaxşıdır. Amma yavaş-yavaş afrikalıların da gözləri açılır.

Biz Rusiyanın Afrikadakı rolunu, hərbi təmaslarını, diktaturalara dəstəyini və korrupsiyanı qiymətləndirə bilmərik. Rusiyanın pulu var, onu təbliğata, afrikalı tələbələri Moskvaya oxumağa dəvət edəcək lobbi strukturlarının yaradılmasına yatıracaq... Rus diplomatiyasının “arqumentləri” pul, korrupsioner əlaqələr və “Vaqner”dir. Rusiya isə onlardan istifadə edib hər şeylə spekulyasiya edəcək.

Afrika siyasətinə xas olan “çoxqütblülüy”ü xatırlamalıyıq. Başa düşmək lazımdır ki, belə bir vəziyyətdə Afrika ölkələrindən hansısa sərt qərarlar gözləmək, iqtisadi sanksiyalara qoşulmaq, hətta rusların törətdiyi cinayətləri pisləmək olmaz. Axı bir çox Afrika ölkələrində insan haqları pozulur. Bununla belə, Ukraynaya BMT-də səs verənlərə minnətdar olmalıyıq. Məsələn, Konqo Demokratik Respublikası Rusiya Federasiyasının BMT-nin İnsan Hüquqları Komitəsindən çıxarılmasına səs verdi. Ümumiyyətlə, baxsaq, Afrikanın yarıdan çoxu Ukraynanın ərazi bütövlüyünü və Rusiya qoşunlarının çıxarılmasını dəstəkləyən BMT qətnamələrinə açıq şəkildə səs verir. Baxmayaraq ki, onlar Moskvadakı sammitə gediblər.

- Ümumiyyətlə, Ukraynanın Rusiyanın Afrikada nüfuz qazanmaq cəhdlərinə qarşı çıxmağa nə ehtiyacı var?

- Bizim resurslarımız Rusiyadan daha azdır, lakin biz daha da güclənmişik. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın artıq üç səfəri olub. Biz müttəfiqlərimizin və Afrikadakı yaxşı münasibətlərimiz olan ölkələrin resurslarından istifadə etməliyik. Biz öz mövqeyimizi təkcə hökumət səviyyəsində deyil, həm də ekspertlər səviyyəsində, ictimaiyyət, insan haqları, dini qurumlar və s. səviyyəsində sübut etməliyik.

Əvvəlcə deməliyik: "Dostlar, siz müstəmləkəçiliyə qarşı mübarizə apardınız, biz də. Biz sizi dəstəklədik!". Cənubi Afrikada danışanda diqqətli paralellər aparıram. Sizə deyim ki, Levko Lukyanenko (Ukraynalı siyasətçi, diplomat, sovet dissidenti, Ukraynanın müstəqilliyi uğrunda mübariz) 27 il həbsdə olub. Daha kim bu qədər illərini dəmir barmaqlıqlar arxasında keçirdi? Təbii ki, Nelson Mandela. Mandela ölkəsinin müstəqilliyinə sülh yolu ilə nail olmaq üçün razılığa gəldi. Lukyanenko da Ukraynanın dinc yolla müstəqilliyinin əldə olunmasının tərəfdarı olub, müstəqillik tərəfdarı olan kommunistlərə əl uzadacağını bildirib. Əslində Afrikada belə misallar verəndə onlar hər şeyi mükəmməl başa düşürlər.

Rusiyanın müstəmləkə imperiyası qurmağa çalışdığını, Rusiyanın biz ukraynalıların ümumiyyətlə, mövcud olmadığımızı istəmədiyini söyləyəndə bunu başa düşürlər, bizə haqq verirlər.

Məsələn, daha bir paralel apara bilərik. Deyə bilərik ki, ruslar 18-ci əsrin sonunda Krıma gəlib “bizimdir” dedilər. Bəs “ağ köçkünlər” Cənubi Afrikaya nə vaxt gəldilər? Eynilə - 18-ci əsrin sonu. Onlar da Afrikaya dedilər “bizimdir”. Siz belə şeylər söyləyib izah edəndə ki, bizim müharibə hətta ərazilərin qaytarılması üçün deyil, millətin özünün varlığı üçündür, bunu çox gözəl başa düşürlər. Yəni biz varlığımız üçün mübarizə apardığımızı deməliyik.

Afrikanın problemlərindən biri də qadınlar və uşaqlardır. Ona görə də bizim hüquq müdafiə təşkilatları müharibəyə görə başlarına gələnləri deyəndə afrikalıların başından tüstü çıxır. Həmçinin bu ölkələrin bir çoxunun dinlə bağlı çox güclü mövqeləri var, ona görə də bu mühüm cəhət nəzərə alınmalıdır. Məsələn, Afrika ölkələrinin demək olar ki, yarısı müsəlman ölkələridir və onlarda İslam çox güclü təsirə malikdir. Hesab edirəm ki, Ukrayna müsəlmanlarının, Krım tatarlarının nümayəndələrinin bu ölkələrə getməsi çox vacibdir.

Daha bir şey – deyə bilərik ki, biz nüvə silahından imtina etdik, neytral idik, lakin bizə hücum edildi. İndi isə sizin ərzaq təhlükəsizliyiniz risk altındadır. Xatırlatmaq yerinə düşər ki, ruslar Kaxovka SES-i partlatdılar və Zaporojye AES-də nəsə olarsa, bu, Afrikanın ərzaq təhlükəsizliyinə yenidən mənfi təsir edəcək. Bunları dərk edirlər.

İqtisadi əlaqələrdən, gələcək haqqında danışırıqsa, rəqəmsal texnologiyalar sahəsində, kənd təsərrüfatında verəcəyimiz töhfələri sadalamalıyıq.  Yəni biz praktiki, praqmatik şeylər - qida, nüvə təhlükəsizliyi, ekoloji təhlükəsizlik, terrorizmlə mübarizə məsələləri barədə afrikalıları məlumatlandırmalıyıq.

Müəllif: Turan Abdulla