Rumıniya parlamenti Prezident Klaus İohannisin ölkədə ukraynalılar üçün hərbi-dəniz təlim mərkəzinin açılması ilə bağlı müraciətini təsdiqləyib.
AYNA xəbər verir ki, bu barədə “Agerpres” agentliyi dövlət başçısının məktubunun mətninə istinadən məlumat yayıb.
“Rumıniyanın öz ərazisində hərbi-dəniz sahəsində təlim mərkəzi açmaqla, habelə Ukrayna dəniz piyadalarının təlim prosesinə dəstək olmaqla töhfə vermək imkanı var”, - məktubda deyilir.
Mərkəzin iki il müddətində fəaliyyət göstərəcəyi, onun maliyyələşdirilməsi və birinci mərhələdə işlərin planlaşdırılmasının tam olaraq Böyük Britaniya tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur.
Qeyd olunur ki, parlamentarilər həmçinin Prezidentin Rumıniya ordusunun Kampiya-Turziy şəhərindəki 71-ci aviabazanın logistik dəstək məntəqəsinin açılması üçün lazımi infrastruktur və avadanlıqların təmin edilməsi yolu ilə NATO-nun “Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim” (NSATU) proqramında iştirakı üçün müraciətini təsdiqləyiblər. 100 nəfərə qədər hərbi qulluqçu da təmin olunacaq, lazımi vəsait Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq.