Bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə imtahana buraxılıb
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 10:00-da başlanıb. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Onlardan 335 nəfəri oğlan, 559 nəfəri qızdır. 712 namizəd Azərbaycan bölməsinin, 182 namizəd rus bölməsinin, 318 namizəd cari ilin, 576 namizəd isə əvvəlki illərin məzunudur. 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 239 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.