Anatoli Qlaz: “Belarus hakimiyyəti hazırkı vəziyyətdə tövsiyə yox, dəstək istəyir”
Rəsmi Minsk Ukrayna Prezidenti Vladimir Zelenskinin tövsiyələrini rədd edib. Belarus hakimiyyəti hazırkı vəziyyətdə tövsiyə yox, dəstək istədiyini açıqlayıb.
AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib. O, deyib ki, Ukrayna Belarus üçün qardaş ölkədir: “Ukrayna xalqı belaruslar üçün qardaşdır. Buna görə də, ölkəmiz üçün bu çətin zamanda dəstək və ya ən azı neytrallıq istəyirik, tövsiyə yox. Hər tərəfdən deyilən məsləhətlərə qulaq asmaq istəmirik”.
“Ukrayna rəhbərliyinin qonşularına məsləhət verməkdən daha çox, öz ölkələri daxilində həll edilməli olan daha vacib məsələlərlə məşğul olmasına ehtiyac var”, - deyə Qlaz vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenkoya məsləhət verərək deyib ki, Belarusda yeni seçki keçirilməlidir.
“Lukaşenko qısa müddətdə təkrar prezident seçkilərinin keçirilməsi qərarını verməlidir. Mən deyərdim ki, bu mütləqdir. Bir ay ərzində yeni seçki olsa, vəziyyət düzələ bilər”, - deyə Zelenski qeyd edib.